“Banklardan daha tez kredit verə bilən BOKT-larda faiz nisbəti daha yüksək ola bilər. Bankların imkanları daha geniş olduğu üçün onlar da kreditlərin verilməsində müəyyən nüanslardan istifadə edib özlərinə müştəri cəlb edə bilirlər. BOKT-ların da bazarda olması müsbət haldır. Çünki bazarda imkanlar geniş olmalıdır ki, müştəri istədiyi məhsulu oradan ala bilsin. Düşünürəm ki, onların mövcud olmaması bir sıra çətinliklərlə yanaşı, bankların işini artıra bilər. Hesab edirəm ki, məhz bu baxımdan Mərkəzi Bank BOKT-ların fəaliyyətinə ciddi yanaşır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.
Ekspert sözlərinə davam edərək qeyd edib ki, BOKT-lardan kredit götürən zaman müştərilər çıxılmaz vəziyyətdə qalmamaq üçün müqavilə şərtlərini diqqətlə oxumalıdırlar: “Müştəri əgər müqaviləni diqqətlə oxuyub, nüansları diqqətlə nəzərə alırsa, ödənişlərin qaytarılması zamanı çıxılmaz vəziyyətdə qalmaya bilər. Vətəndaşlar bəzən müqavilələrə diqqət etmirlər, çünki sənədləşmə prosesi onlara cansıxıcı olur. Amma vacib məqamlardan biri də odur ki, kredit borcu müqavilələri tərtib olunan zaman hüquqşünaslar cümlələr arasında müəyyən nüansları gizlədirlər. Müştərilər sonradan problem yaşamaq istəmirlərsə, mütləq kredit götürən zaman hüquqşünasın rəyini dinləməlidirlər. Əks halda itirən müştəri olur”.
Ləman Sərraf