Türkiyənin İzmir şəhərində keçirilən “Qızılalma” Beynəlxalq Turan Film Festivalında Azərbaycan Respublikasının Kino Agentliyi “Kino sənətinə töhfə” müküfata layiq görülüb.
Agentlikdən Redaktor.az-a verilən məlumata görə ARKA nın Türk dünyası ilə müştərək layihələrə başlaması, müxtəlif layihələrin dəstəklənməsində birbaşa iştirakı Festivalın təşkilatçıları tərəfindən yüksək qiymətləndilib. Son vaxtlar Kino Agentliyi türkdilli dövlətlərdə keçirilən müsabiqə və festivallarda yaxından iştirak edir. Son illərdə türk dünyasında baş verən mədəniyyət hadisələrinə ARKA öz töhfəsini verir. Hər il müxtəlif dövlətdə keçirilən 3-cü “Qorqud Ata” Türk Dünyası Film Festivalının təşkilatçılığından sonra ARKA türk dünyasını birləşdirən müxtəlif kino layihələrin və festivalların təşkilinə dəstək verməkdədir.
“Qızılalma” Beynəlxalq Turan Film Festivalı Türksoy və ARKA tərəfindən dəstəklənməsi bu istiqamətdə növbəti festivallardan biridir. Artıq ARKA “Qızılalma” Film Festivalının Azərbaycanda- işğaldan azad olunmuş ərazilərdə keçirməsini planlaşdırır.
Digər tərəfdən Türk dünyasının kino bazarı Azərbaycan film istehsalçıları üçün də müəyyən maraq kəsb edir. Azərbaycanın bəzi şirkətləri yerli bazarla bərabər digər türkdilli ölkələrin bazarına girməyi düşünür. Bu istiqamətdə bir neçə filmimiz Qazaxıstan, Türkiyə bazarında nümayiş olunsa da müəyyən problemlər ucbatından bu proses yarımçıq qaldı. Kino Agentliyi bu problemlərin aradan qaldırılması üçün yerli filmlərin xarici dillərə alt yazı və səsləndirməylə tərcüməsini həyata keçirməyi planlaşdırır. Son illərin əlaqələrini gözdən keçirsək görərəik ki, artıq ARKA üçün yeni kino bazarı təkcə Azərbaycanla məhdudlaşmır, yeni hədəflər, yeni kino bazarı ortaq dilə mənsub olan Türk dünyasıdır.