Bakı, 8 may, AZƏRTAC
Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin tikinti, şəhərsalma və bələdiyyələrlə iş üzrə naziri Bengin Rekani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki dövlət arasındakı mövcud əlaqələrin inkişafı vurğulanıb və Azərbaycanın tikinti şirkətlərinin İraqda həyata keçirilən quruculuq işlərində iştirakı müzakirə olunub.
İraqlı nazir bildirib ki, yaxın gələcəkdə Azərbaycana rəsmi səfər edəcək, tikinti üzrə ixtisaslaşmış şirkətlərinin rəhbərləri ilə görüşüb İraqdakı tikinti işləri və layihələrlə tanış edəcək, müzakirələr aparacaq. Nazir Azərbaycana geniştərkibli nümayəndə heyəti ilə səfər edəcək və B2G formatında İraq-Azərbaycan şirkətlərinin görüşü keçiriləcək.
Görüşdə BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərarın qəbul edildiyi barədə qarşı tərəfə məlumat verilib.
Səfir Nəsir Məmmədov iraqlı nazirə Azərbaycanda həyata keçirilən islahatlar, işğaldan azad olunan Qarabağdakı bərpa-quruculuq işləri barəsində ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də geniş fikir mübadiləsi aparılıb.