AZ

“Muğan Bank” ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası ləğv edilib.
Tribunainfo.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, buna səbəb Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır. Odur ki, “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank”ın lisenziyası ləğv olunub, Banka müvəqqəti inzibatçı təyin edilib və kredit təşkilatının müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. “Muğan Bank”ın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
“Muğan Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 %, kredit portfelində 2 %, sektorun öhdəliklərində isə 1,3 % təşkil edir. Onun lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.
“Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə buradakı sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır və əmanətçilərin say etibarı ilə 99,9 %-i kompensasiya alacaq.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 162,5 milyon manatdır. Bankın səhmlərinin 40 %-i Munir Vəlieyvə, 33,85 %-i Samir Vəliyevə, 16,27 %-i Vəfa Vəliyevaya, 9,22 %-i Fəridə Mehdixyevaya, 0,66 %-i isə Elmir Mehdiyevə məxsusdur.

Seçilən
991
4
tribunainfo.az

10Mənbələr