Mayın 9-da Bakıda Göyçə mahalı Çəmbərək rayonu Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub.
Musavat.com bildirir ki, "Xəmsə" şadlıq sarayında keçirilən tədbirdə millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, millət vəkili Hikmət Babaoğlu Müşahidə Şurasının sədri, akademik Misir Mərdanov, akademik Abel Məhərrəmov, Hikmət Babaoğlu, QAİ-nin qəyyumlar şurasının sədri, fəlsəfə doktoru Mürvət Həsənli Çəmbərək rayon icmasının sədri sədri, professor Əvəz Ələkbərov, Nəzarət təftiş komissiyasının sədri, professor Vahid Novruzov, Ağbulaq kənd məktəbinin ziyalıları, yetirmələri və digər tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların, eləcə də Qarabağ döyüşlərində vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Ağbulaq kənd icma sədri Əli Abbasəliyev tədbir iştirakçılarını salamlayaraq, tədbirin təşkil olunmasına köməklik göstərən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra Ağbulaq kəndinin tanınmış ziyalısı Mahal Əliyev kənd və məktəb haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, Ağbulaq kəndi Göyçə gölünün şərq sahilində Şahdağ silsiləsində, rayon mərkəzi isə Çəmbərəkənddən 12 km. cənub-qərbdə yerləşib.
Ağbulaq kənd məktəbi isə ilk dəfə 1923-cü ildə fəaliyyətə başlayıb. İlk məktəb 4 illik ibtidai təhsil pilləli, az sonra 7 illik, 1958-ci ildə 8 illik, 1969-cu ildə isə 10 illik təhsil pilləli tam orta məktəb kimi fəaliyyət göstərib.
Məktəbin məzunları öz təhsil səviyyəsinə görə daim fərqlənib, elm, təhsil, mədəniyyət, incəsənət sahəsində bir sıra uğurlar qazanıblar. Məzunların böyük əksəriyyəti ali və orta ixtisas təhsil alıb, onların arasında 3 nəfər elmlər doktoru, 20 nəfər elmlər namizədi adını alıb.
Daha sonra millət vəkili, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edib.
Əziz Ələkbərli qeyd edib ki, icma yarandığı 2 il ərzində xeyli nailiyyətlər əldə edib:
"Həmin nailiyyətlərdən ən önəmlisi budur ki, biz iki il ərzində hər kəsi bir yerə, Qərbi Azərbaycana qayıdış missiyası ətrafında toparlaya bildik.
Keçirdiyimiz hər bir tədbir bizi tarixi torpaqlara bir qədər də yaxınlaşdırır, mənəvi birliyimizi, qayıdışımızı təmin edir. Mənəvi qayıdışın sonunda da fiziki qayıdış dayanır.
Bu gün Ağbulaq kənd məktəbinin 100 illik yubileyini qeyd edirik. Bu tədbiri təşkil edən Qərbi Azərbaycan İcmasına, bu icmanı yaradan Prezident İlham Əliyevə eşq olsun!"
Misir Mərdanov: "Bu tədbiri təşkil edən insanlara öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu gün Qərbi Azərbaycan İcmasının tarixində mühüm bir gündür. 100 il əvvəl Ağbulaq kənd məktəbi yaranın və bu məktəb bölgədə ziyalıların yetişməsində mühüm rol oynayıb.
Hesab edirəm ki, bu cür silsilə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.