Ermənistanda revanşist aksiyalara başçılıq edən keşiş Baqrat Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi başladacağını bildirib və bununla bağlı artıq “Ermənistan” fraksiyasının (Robert Köçəryan) ofisində görüş keçirib. Ermənistan qanunvericiliyində impiçment prosesi necə aparılır?
Axar.az xəbər verir ki, Ermənistan qanunlarına görə, impiçment prosesinin başlaması üçün qərar layihəsi təqdim etməyə deputatların 1/3-nin – yəni 36 deputatın (hazırda Ermənistan parlamentinin 107 deputatı var) imzası lazımdır.
36 deputatın imzası ilə layihə təqdim edilərsə, 48 saat sonra baş nazirə etimad göstərilməməsi məsələsi parlamentin növbəti iclaslarında müzakirə edilir. Bu müddətlərdə müntəzəm iclaslar keçirilməsə, parlamentin növbədənkənar iclası çağırılır.
Layihə təqdim olunduqdan 48-72 saat sonra səsverməyə çıxarılır. Qərar səs çoxluğu ilə - yəni minimum 54 səslə qəbul oluna bilər.
Layihə qəbul edilmədikdə məsələnin müzakirəsi başa çatmış hesab edilir və növbəti layihə yalnız 6 aydan sonra təqdim edilə bilər.
Qeyd edək ki, Ermənistan parlamentində Nikol Paşinyanın – Mülki Müqavilə Partiyasının 71 deputatı var, Robert Köçəryanın “Ermənistan” bloku 29, Serj Sərkisyanın “Şərəfim var” bloku isə 6 deputat yerinə sahibdir, 1 deputat “Şərəfim var” blokundan istefa verib və müstəqil fəaliyyət göstərir.
Beləliklə, hazırda müxalifətin 35 deputatı var. Buna görə də qərar layihəsinin nəinki qəbul edilməsi, hətta təqdim edilməsi üçün lazım olan 36 səsdən 1-i çatmır.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanda Nikol Paşinyanın impiçment edilməsi ilə bağlı tələb mövcuddur. Amma təklifi yerinə yetirmək üçün müxalifətin səsi çatmır:
“Bu proses parlamentə getsə də, uğurlu nəticələnməyəcək. Çünki çatışmayan deputat sayını toplamaq asand məsələ deyil. Aksiya iştirakçıları Respublika meydanını tam şəkildə doldura bilmədilər. 15-20 min nəfərlə Paşinyanı devirmək mümkünsüzdür. Digər tərəfdən insanlar Paşinyanın impiçmentə getməsinə maraq göstərmir. Xalq yaxşı anlayır ki, aksiyaların arxasında Robert Köçəryan dayanır. Erməni xalqı Robert Köçəryanla Serj Sarkisyan hakimiyyətinin rejimini görüb və həmin şəxslərin dövründə hansı əziyyətləri çəkdiklərini unutmayıblar. Ona görə də həmin qüvvələrin revanşist fikirləri ilə tanışdırlar. İnsanlar üçün ən optimal vəziyyət Paşinyan ilə yola davam etmək və Azərbaycanla sülhə dəstək verməkdir. Çünki Azərbaycanla sülhə imza atmaq Ermənistanı daha da irəli aparacaq. Erməni xalqı revanşistlərə dəstək verməyəcək. Meydana istədikləri qədər adamı toplaya bilməmək revanşistlərin növbəti fiaskosudur. Nikol Paşinyan əvvəl etdiyi kimi öz tərəfdarlarını küçələrə çıxarmaqla aksiyaları dayandıracaq”.