AZ

Mehdi Babayev: “Azərbaycanda biznesə başlamaq üçün çox gözəl imkanlar var”

“Dövlət orqanları ilə sahibkarların, bizneslərin münasibətlərinin tənzimlənməsində mühasiblər xüsusi rol oynayırlar”.

Bu fikirləri Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirib. Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkil etdiyi Mühasiblər Forumundakı çıxışında biznes subyektləri ilə tənzimləyici dövlət orqanları arasındakı münasibətlərdən danışan M.Babayevin sözlərinə görə, münasibətlərdə problemlər əsasən mikro və kiçik sahibkarlıq subyektlərində müşahidə edilir: “Çünki onlar həm kəmiyyətcə çoxdur, həm də biznesə yeni başlayırlar. Öz işlərini genişləndirmək istəyən bu şəxslər münasibətlərdə axsaya, müəyyən yanlışlıqlara yol verə bilərlər. Bu zaman sahibkar-mühasib münasibətlərində qarşılıqlı inamın qurulması vacibdir”.

Ölkə başçısının müfaviq fərmanı ilə nəzarət funksiyasını yerinə yetirən dövlət orqanları tərəfindən təsərrüfat subyektlərində yoxlamaların aparılmasının dayandırıldığını xatırladan M.Babayev Dövlət Vergi Xidməti ilə qarşılıqlı münasibətlərin müsbət istiqamətdə inkişaf etdirildiyini vurğulayıb. O, bu münasibətlərin daha da yaxşılaşmasında hər kəsin öz vəzifələrini yerinə yetirməsi keyfiyyətinin xüsusi rol oynadığını bildirib: “Azərbaycanda biznesə başlamaq üçün çox gözəl imkanlar var. Biznesə başlama indeksinə görə ölkəmiz ən qabaqcıl ölkələr sırasındadır. “Bir pəncərə” vasitəsilə 20 dəqiqə ərzində biznes subyektini yaratmaq mümkündür. Vergiləndirmə məsələlərini də sahibkarlar özləri çox rahat müəyyən edirlər. Eyni zamanda, vergi ödəyicilərinə bir sıra güzəşt və azadolmalar tətbiq edilir. Vergi uçotu və hesabatlılıq məsələlərində də sahibkarlara dəstək göstərilir. Rəqəmsal texnologiyaların tətbiqi vergi orqanında kifayət qədər inkişaf edib, biznes subyektləri öz hesabatlarını rahat göndərə, lazım olan informasiyaları əldə edə bilirlər”.

Mərkəz direktoru biznes subyektləri ilə münasibətlərin qurulmasında problemləri də istisna etməyib. Burada sahibkarların düşüncə və davranışlarının dəyişməsinə ehtiyac olduğunu vurğulayb: “Az vergi ödəmək təfəkkürü hələ cəmiyyətdən tam kənarlaşmayıb. Sahibkarlar ödəyəcəkləri vergini sanki böyük bir xərc kimi qəbul edirlər. Ancaq sahibkarlıq subyektinin xərclərini incələdikdə nə qədər lazımsız istehlaklarının olduğunu görmək olar. Əgər biz onların mənasız xərclərini yığsaq, vergi xərcləri onun yanında çox kiçik məbləğ olar. Bu təfəkkürü formalaşdırmaq lazımdır ki, vergi mühüm, geridönüşü olan bir xərcdir. Sahibkarın düşüncəsində neqativ fikirlər qalacaqsa, vergi ödəyiciləri ilə dövlət qurumları arasındakı münasibətlərdə problemlər yaşanacaq”.

Bəzi hallarda biznesin mühasiblərdən gözləntisinin düzgün olmadığını deyən M.Babayev bu halın sahibkarla mühasibin münasibətlərinin pisləşməsinə səbəb olduğunu qeyd edib. Belə nüansların əsasən yeni yaranan kiçik və orta sahibkarlıq subyektlərində müşahidə edildiyini bildirib. Mərkəz rəhbəri mühasiblərin sənədləşmə və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb, biznesdə çalışan digər işçilərin də uçotun aparılması ilə bağlı sənədləşmələrdə aktiv iştirak etmələrini zəruri sayıb: “Sahibkarlıq subyektlərində digər yoxlamaların dayandırılmasından sui-istifadə edənlər də var. Bu hallarda mühasiblər öz tələblərini irəli sürə bilmirlər. Kiçik sahibkarlıq subyektlərində sənəd dövriyyəsinə çox səthi yanaşılır, diqqət yetirilmir. Bu da nəticədə münasibətlərin korlanmasına səbəb olur”.

Fərqanə Allahverdiqızı

Seçilən
445
50
vergiler.az

10Mənbələr