AZ

Putin və Zelenski Bakıda GÖRÜŞƏ BİLƏR

Bu ilin noyabr ayında Azərbaycan paytaxtında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışlarının birində COP29 zamanı bütün dünyada müharibələrin dayana biləcəyini söyləyib. Yeri gəlmişkən, Bakıdakı tədbirə Rusiya və Ukrayna Prezidentləri də dəvət olunub.

Hər iki lider eyni zamanda ölkəmizə gələrsə, yaxud nümayəndə heyətlərini göndərərlərsə, onların görüşü təşkil edilə bilərmi?

Bizim.Media xəbərr verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Ukrayna İşçi qrupunun sədri Kamran Bayramov bildirib ki, COP29 konfransı zamanı münaqişə və müharibələrin dayandırılması beynəlxalq sülh üçün böyük töhfə olar:

"Cənab Prezidentin köməkçisi Hikmət Hacıyev belə bir təkliflə çıxış edib ki, Azərbaycanın COP29 zamanı ölkələri atəşkəsə çağırmaq planı var. Belə bir təcrübə var. Məsələn, dünyanın bir çox ölkələri Olimpiya Oyunları zamanı atəşkəs sazişləri imzalayırlar. COP29 konfransı zamanı da dünyada münaqişələrin, müharibələrin müvəqqəti də olsa, dayandırılması beynəlxalq sülh və təhlükəsizlik üçün böyük töhfə ola bilər. Azərbaycan hökuməti və səlahiyyətli nümayəndələr müxtəlif tərəfdaşlarla müzakirələr aparırlar. Müzakirələr ilkin mərhələdədir. Təbii ki, bu, əlavə məsləhətləşmələr, təkliflər tələb edəcək. Yəni burada hər şey Azərbaycandan asılı deyil. Çox şey əsasən də münaqişə tərəflərinin iradəsindən asılıdır.Təkliflə razılaşmaq tərəflərin beynəlxalq öhdəliklərə, sülhə sadiqliyinin göstəricisi ola bilər".

"COP29-da iştirak üçün Azərbaycan bir çox dövlət və hökumət başçılarına, müxtəlif rəsmi şəxsələrə dəvətlər göndərir. Eyni zamanda Ukrayna və Rusiya dövlət başçılarına da dəvət göndərilib. Əslində COP29 konfransı belə danışıqlar üçün meydan deyil. Burada əsasən iqlim, ərzaq və su təhlükəsizliyi ilə əlaqədar məsələlər qaldırıla bilər. Lakin Azərbaycan bu gün həm regional, həm də qlobal səviyyədə sülh gündəliyinin təmin edilməsi ilə məşğuldur. Buna baxmayaraq, COP29 konfransında sülhün, təhlükəsizliyin, sabitliyin təşviq edilməsi ilə bağlı da müəyyən müzakirələri istisna etmirəm. Rusiya və Ukrayna nümayəndələrinin görüşü məsələsində isə yenə deyirəm ki, hər şey Azərbaycanın iradəsindən asılı deyil. Azərbaycan belə bir təkliflə çıxış edə bilər. Amma hər şey Rusiya və Ukraynanın iradəsindən asılıdır. Onların belə bir istəyi olarsa, ev sahibi kimi Azərbaycan bu şəraiti yarada bilər. Azərbaycanın bu sahədə təcrübəsi var".

Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Hüseynov da məsələyə münasibət bildirib:

"Birinci növbədə qeyd edək ki, COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin, cənab Prezident İlham Əliyevin şəxsi nüfuzunun, dünya liderləri arasında xüsusi çəkisinin göstəricisidir. Digər tərəfdən, Azərbaycanın və onun Prezidentinin həyata keçirdiyi siyasət sülh və əmin-amanlığa söykənir. Azərbaycan regionda sülhün əldə olunması üçün və beynəlxalq terrorizmə qarşı kəskin mübarizə aparıb. COP29 platforması geniş platformadır. Bu konfrasa dünyanın əksər ölkələrinin rəhbələri gələcək. Azərbaycanın daimi sülhə dəstək verməsi, ədalət prinsipinin hər şeydən üstün olması, beynəlxalq sülhə söykənən siyasəti dünyanın özünə sülh çağırışıdır. Mən düşünürəm ki, ölkə Prezidetinin təşəbbüsü ilə konfransda yalnız iqlim dəyişikliyi ilə bağlı yox, dünyanı təhdid edən, xüsusilə də regiondakı və dünyadakı qaynar proseslərə də nəzər salınacaq".

Deputat qeyd edib ki, Rusiya və Ukrayna liderlərinin, yaxud nümayəndə heyətlərinin görüşü də ehtimal olunur:

"Rusiya-Ukrayna müharibəsi dünyadakı proseslərə təsir göstərir.Yəni bu münaqişə həm siyasi, həm də iqtisadi baxımdan gərginlik yaradır. Dövlətlər arasında barışın əldə olunması dünyada gedən proseslərə müsbət təsir göstərir. Ona görə də nümayəndə heyətlərinin, yaxud hər iki dövlət başçısının COP29-da işitirakı və bir-biriləri ilə görüşməsi ehtimal olunan prosesdir. Görüşün isə müsbət töhfə verəcəyi şübhəsizdir".

Bizim.Media

Seçilən
295
4
bizim.media

5Mənbələr