Türkiyədə 31 Mart 2024-cü il Bələdiyyə seçkilərindən ay yarıma yaxın vaxt keçib. Azərbaycan əsilli professor Ötükən Səngərin çox böyük üstünlüklə Qars bələdiyyəsinin sədri seçilərək yalnız qarslılar, ona səs verənlərə deyil, həm də Azərbaycandakı soydaşlarımıza qürur yaşadıb.
Çünki Türkiyənin Qars bölgəsi Azərbaycan üçün strateji əhəmiyyətə malik mərkəzlərdən biri olaraq qalır. Burada yaşayan insanların çoxunun Azərbaycanla qohumluq, qardaşlıq bağları vardır. Bütün dövrlərdə Qars Azərbaycan üçün doğma və əziz bir məkan olub. Erməni zülmünün tüğyan etdiyi illərdə Qars Qərbi Azərbaycandan olan insanlara qucaq açıb, onları həyata bağlayacaq milli dəyərləri qoruyub saxlayıb. Qarsın ən ağır vaxtlarında buradakı soydaşlarımız doğma vətənlərini qorumaq üçün hər cür mərhumiyyətlərə hazır olublar. Ortaq mədəniyyətimizin təmsilçilərindən olan Aşıq Şenlik,
“Əhli-İslam olan eşitsin, bilsin,
Can sağ ikən yurd vermərik düşmənə.
İstərərsə Uruset, nə ki var gəlsin,
Can sağ ikən yurd vermərik düşmənə”
– sətirlərini yazanda Vətənin hər qarış torpağının müdafiəsi üçün qarslıların necə qərarlı olduqlarını ifadə edirdi. Qars, həqiqətən, bir qəhrəmanlıq dastanı yazmışdı.
Yeni Bələdiyyə sədri Ötükən Səngərin ulu babaları da həmin milli mücadilənin öncüllərindən olmuşlar. Onun kökü indi erməni işğalı altında olan Qərbi Azərbaycana, Ağbaba mahalının İbiş kəndinə uzanır. Məşhur Həmzə Ağanın nəslindəndir. Ulu babasının bu gün Qarsın Türkiyə Cümhuriyyətinin bir hissəsinə çevrilməsində əvəzsiz rolu olub. Həmin nəsildən olan nəvə Həmzə Səngər vaxtilə ulu babası Həmzə Ağanın mübarizəsini belə ifadə etmişdi: “Dədəm Həmzə ağa bölgədə ermənilərlə birbaşa döyüşüb. Babamı ermənilər zindana salıb, mülkünü talayıblar, nəslimizə məxsus torpaqlar bu gün Ermənistan ərazisində qalıb. Amma Həmzə ağa təslim olmayıb, rus və erməni quldur dəstələrinə qarşı sonadək vuruşub. Onun erməni quldurlarının Vətənimizdən çıxarılmasında cəsarətini hər kəs bilir…”
Məlumdur ki, 1877–1878-ci il rus–türk savaşında Qars bölgəsi Rusiyanın nəzarətinə keçmişdi, Qarsın türk-müsəlman əhalisi 40 il ana Vətəndən ayrı yaşamaq məcburiyyəti qarşısında qalmışdı. Həmzə ağa Rusiyanın işğalı altında olan Qars vilayətinin Ağbaba mahalının İbiş şəhərində anadan olub. O, Köhnə İbişin ağası idi. Daha sonra Həmzə ağa qohumları ilə birlikdə Köhnə İbişdən Təzə İbişə (Ayıçınqılı) köçmüşdü. Təzə İbişin əsasının qoyulması Həmzə ağanın adı ilə bağlıdır. O, çox xeyirxah adam olmuş, öz səxavəti ilə ad qazanmışdı və kasıblara yardımı indiyədək xatırlanır.
Nəvə Həmzə Səngər deyr ki, “Yerli müsəlman əhali 1918–1921-ci illər arasında daşnak ermənilərinin bölgədə törətdikləri qırğınların qarşısını almaq üçün Həmzə Ağanı “Ağbaba Milli Şurası”na seçdilər. O, Qarsın erməni işğalına dirəniş hərəkatında fəal iştirak etdi. Ağbaba süvari alayının qurulmasında böyük rol oynadı, maddi töhfələr verdi. Həmin illərdə ermənilərlə çarpışmalarda yaralanan türklərin bütün xərclərini öz üzərinə götürmüşdü. Gümrü, İrəvan, Naxçıvan, Qars, Ərdahan və Çıldır kimi bölgələrdən qaçqın düşənlərin da sığındığı Ağbaba bölgəsi Həmzə ağa və Ağbaba Süvari Alayının himayəsində idi. Dəfələrlə Ağbabaya hücum edən ermənilər süvari alayının dirənişi ilə qarşılanmış və bu, Ağbabanı erməni hücumlarından qorumuşdur”.
Qars üçün ən kritik dönəm 1917-ci il inqilabından sonra Rusiyanın Birinci Dünya müharibəsindən çəkilməsi və silahlarını ermənilərə verməsi dövrü idi və ermənilər Qars və ətrafında yaşayan əhalini əsl soyqırıma məruz qoymağa başlamışdılar. Müharibənin sonunda, 30 oktyabr 1918-ci ildə imzalanmış Mudros anlaşması ilə Osmanlı Ordusu Cənubi Qafqazdan çəkilmişdi. Qarsın taleyi burada yaşayan insanlarımızın ölüm-qalım məsələsinə dönmüşdü. Belə bir durumda bölgənin ziyalıları, millətin öndərləri bir qərar qəbul etdilər. 14 noyabr 1918-ci ildə Birinci Qars Konqresi toplandı. Qars Milli İslam Şurası Ümumiyyəsi quruldu. Qars Milli Şurası ayrı-ayrı bölgələrin Milli Şuralarından təşkil edilmişdi. Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd Ağanın rəhbəri olduğu Ağbaba Milli Şurasının da yer aldığı Qars Milli İslam Şurası Hökuməti quruldu. Hökumətin başçısı İbrahim bəy Cahangiroğlu idi. 25 mart 1919-cu ildə hökumətin adı Cənub-Qərbi Qafqaz Cümhuriyyəti olaraq tarixə keçdi.
Lakin Qarsda gözləri olan ermənilər 1919-cu il aprelin 12-də ingilislərin dəstəyi ilə Qars vilayətini ələ keçirdilər. Aprelin 19-da sonradan bolşevikə çevrilən Sarkis Korqanov Qarsda qubernator kimi fəaliyyətə başladı. Erməni qoşunları da Qars vilayətinə soxuldular. Yerli müsəlman-türk əhali yenidən dəhşətli soyqırımına məruz qaldı. İngilislər Cənub–Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin 35 üzvünü həbs edərək, zirehli qatarda Gümrüyə, oradan da Batum yolu ilə Malta adasına sürgünə göndərdilər. Bununla da, Cənub–Qərbi Qafqaz Cümhuriyyəti süqut etdi.
1920-ci ilin payızınadək Cənub–Qərbi Qafqaz Cümhuriyyətinin ərazisi işğal altında qaldı. 1920-ci il oktyabrın 30-da Qarsın düşməndən azad edilməsi türk ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində mümkün oldu. Xüsusən də Kazım Karabəkir paşanın komandanlığı altında olan qəhrəman türk əsgəri bu müqəddəs yurdu düşmən işğalından təmizlədi. Qarsın ana Vətənə qovuşmasında Cənub–Qərbi Qafqaz Cümhuriyyətinin çox böyük rolu olduğunu xüsusi olaraq qeyd etməliyik. Cənub–Qərbi Qafqaz Cümhuriyyətinin qısa tarixçəsi budur və bu sətirlərin müəllifinin “Qars adlı Vətən” kitabında bu həssas tariximizdən geniş şəkildə bəhs edilmişdir.
Bəli, Ötükən Səngərin dədə-babaları həmin ağır illərdə millətin yanında olmuş və ermənilərin işğalçılıq siyasətinə qarşı dirəniş, qəhrəmanlıq göstərmişdi. İndi isə Qars Ötükən bəyə əmanət edilmişdir. Bələdiyyə sədri seçilməmişdən öncə Qars Qafqaz Universitetinin professoru olan Ötükən bəyə bir neçə sual ünvanladıq:
– Öncə yeni vəzifənizi təbrik edirik. Bilirsiniz ki, Qarsın Bələdiyyə başqanı seçilməyiniz Azərbaycanda da məmnuniyyətlə qarşılanmışdır. Bu sevgini ifadə edən insanlara nə deyərdiniz?
– Azərbaycan bizim ata-baba yurdumuzdur. Azərbaycan xalqının sevincimizə şərik olması bizi çox sevindirir. Bütün Azərbaycan xalqına sevgi və hörmətimi bildirirəm.
– Türkiyə ilə Azərbaycanın qardaşlığının rəmzi olan Qarsda həyata keçirəcəyiniz ilk işlər hansılar olacaq?
– Bununla bağlı çoxlu planlarımız var. Öncə milli-mənəvi bağlarımızı daha da inkişaf etdirməkdə qərarlıyıq. Çoxlu Azərbaycan əsilli əhalinin yaşadığı şəhərimiz 2024-cü ildə belə ciddi problemlərlə üzləşməkdədir. Əvvəlcə şəhərin infrastrukturuna əl gəzdirəcəyik, yəni, su və kanalizasiya sistemini tamamlamağı, asfalt çəkməyi planlaşdırırıq. Milli-mənəvi dəyərlərimizə, ənənələrimizə dayanaraq, şəhərin mədəni həyatında yeniliklərin tətbinə başlayacağıq.
– Qarsda Azərbaycanla əlaqələr baxımından tarixi ənənələr mövcuddur. Bu əlaqələri genişləndirmək, inkişaf etdirmək üçün hansı planlarınız var?
– Azərbaycan bizim öncəliyimizdir. Qars bizim bələdiyyə sədrliyimiz dövründə Azərbaycanla Türkiyə arasında körpü rolunu oynayacaq. Biz hər il Azərbaycanla müntəzəm olaraq mədəniyyət, idman tədbirləri və festivallar təşkil etməyi qarşıya məqsəd qoymuşuq. İqtisadi, ticari əlaqələrin də yüksək səviyyəyə çatdırılması üçün əlaqələri genişləndirəcəyik.
– Azərbaycana səfər etməyi düşünürsünüzmü?
– Biz ilk xaricə səfərimizi ən qısa zamanda əcdadlarımızın torpağı olan Azərbaycana etmək niyyətindəyik.
– Qars və çevrəsində Azərbaycan xalqının böyük bir milli-mədəni mirasları var, onların qorunması və hər iki ölkənin ortaq mədəni dəyərlərinə çevrilməsi üçün nələr edilməlidir?
– Bu məsələyə Azərbaycanla Türkiyə arasında əlaqələr kontekstində baxılmalıdır. Qarsdakı tarixi abidələri qorumaq, mədəni irsimizi gələcəyə daşımaq, əslində, bir övladlıq borcudur. Azərbaycanla qarşılıqlı səfərlərin necə böyük əhəmiyyəti olduğunu təcrübələrimizdə görmüşük. Müəyyən proqramlar çərçivəsində Azərbaycan insanının Türkiyəyə gəlmələri, tarixi və turizm məkanlarını ziyarət etmələrinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağını düşünürəm. Eyni zamanda, Qarsda yaşayan, Azərbaycan sevgisini ürəklərində yaşadan insanların əcdadlarının Vətəninə səfərlər təşkil edəcəyik.
Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri