Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu) istehsalını məhdudlaşdırmağa imkan verir. Manset.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ-nin Şimali Karolina ştatındakı "True You Weight Loss" özəl tibb klinikasının alimləri bəyan ediblər. Bildirilib ki, piylənmənin müalicəsinin yeni eksperimental üsulu xəstənin mədəsinə kamera ilə tibbi jqut və toxumanı qorumaq üçün xüsusi maye doldurulmuş rezervuarı daxil etməklə həyata keçirilir. Endoskop, həmçinin mədənin yuxarı hissəsinin selikli qişasını (bu zonada aclıq hormonu istehsal olunur) qismən "yandırmaq" üçün istifadə olunan qızdırıcı elementlərlə təchiz edilib. Tədqiqatçılar qeyd ediblər ki, bu prosedur minimal invazivdir - bunun üçün mədənin hissələrinin cərrahi yolla çıxarılması, tikiş və ya orqana müxtəlif doldurucuların (balonların) daxil edilməsi tələb olunmur. Eksperimental terapiya artıq 10 könüllü üzərində sınaqdan keçirilib. Belə bir müdaxilədən sonra pasiyentlərin bədənində qrelinin aktivliyi 40% azalıb. Eyni zamanda, bütün iştirakçılar yeməklərini azaltdıqları üçün çəki itirmə prosesinə başlanıb. Tədqiqat bu ay qastroenteroloqlar, diyetoloqlar və tədqiqatçıların "Həzm sistemi Xəstəlikləri Həftəsində" (DDW) təqdim olunacaq. Alimlər, həmçinin tədqiqatlara və bu cür müalicənin uzunmüddətli təhlükəsizliyini qiymətləndirməyə davam etmək niyyətindədirlər.