Azərbaycan-Slovakiya əlaqələri sürətlə inkişaf edir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi çoxşaxəli xarici siyasət sayəsində ölkəmizin Avropadakı strateji tərəfdaşlarının sayı durmadan artır. Artıq həmin ölkələr sırasında Slovakiya da yer almışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Slovakiya Respublikası arasında diplomatik əlaqələr 1993-cü ildə yaradılsa da, ikitərəfli münasibətlərin genişlənməsində cənab Prezident İlham Əliyevin bu ölkəyə 2004-cü ildə etdiyi işgüzar səfər böyük rol oynayıb. Bu gün isə Azərbaycan ilə Slovakiya arasında münasibətlər artıq yeni, daha yüksək səviyyəyə keçid etmək üzrədir. Bu baxımdan cari ilin 7 may tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri də xüsusi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi siyasi sənəddir və bu sənəd Azərbaycan-Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıracaq. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında məhz bu sənədin önəmini xüsusi vurğulamışdır.
Dövlət başçımızın çıxışında Azərbaycanın öz təbii qazını ixrac edəcək 9-cu ölkənin Slovakiya ola biləcəyi barədə maraqlı anons da yer almışdır. Məlum olduğu kimi, keçən ilin aprel ayının 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın aparıcı enerji şirkətləri ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. “Həmrəylik Halqası” ilə Azərbaycan qazının tədarükünü nəzərdə tutan bu memorandum ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik Halqası” adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Məhz bu sənədin imzalanması ilə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Artıq bu il Avropa ölkələrinə təbii qaz təchizatı 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər isə təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Təbii ki, bu öhdəliyi yerinə yetirmək üçün ölkəmiz təbii qaz hasilatını artırır. Bu məqsədlə yeni yataqlar kəşf olunur və həmin yataqlarda istismar da artıq başlamışdır. Bütün bunlara paralel olaraq Azərbaycan genişmiqyaslı yaşıl gündəliyini də icra edir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır. Elə bu qənaət olunmuş qazın da əsas ünvanı Avropa olacaqdır. Əminliklə demək olar ki, bu gün Azərbaycan və Slovakiya iki müstəqil siyasət aparan ölkə olaraq qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini ən yüksək səviyyədə uğurla davam etdirəcəklər.
Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.