Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün elan olunmuş müsabiqəyə təqdim edilən layihələrin müəllifləri və aidiyyəti şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Əvvəlcə ölkə başçısının Sərəncamına əsasən "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmiş akademik Ramiz Rizayevə yubiley medalı təqdim edilib.
İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında olub.
Akademik İsa Həbibbəyli qeyd edib ki, 2025-ci ilin mart ayında Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 ili tamam olur. Bildirib ki, XX əsrin birinci yarısında AMEA-nın təsis edilməsi Azərbaycan xalqının elmi və ictimai fikir tarixində, ümumən sosial-mədəni tərəqqisində mühüm hadisə olmuş, ölkəmizin inkişafında əhəmiyyətli rol oynamışdır.
Natiq vurğulayıb ki, AMEA 80 illik tarixi ərzində zəngin elmi ənənələri olan Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin müasir tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi, innovativ elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində müstəsna rol oynamışdır. Həmçinin diqqətə çatdırıb ki, Akademiyanın səksən il müddətində əldə etdiyi uğurlar, mühüm elmi nəticələr, onların istehsalata tətbiqi nəticəsində yaranan sosial-iqtisadi nailiyyətlər, müxtəlif elm sahələrində milli elmi məktəblərin yaranması, yeni elmi nəsillərin yetişdirilib hazırlanması xalqımızın dinamik sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsas göstəriciləridir.
"Ötən əsrin ikinci yarısında, xüsusilə də Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə Akademiyada mühüm nailiyyətlər əldə edilmişdir. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıdışı nəticəsində Akademiya tamamilə yeni inkişaf mərhələsinə qədəm qoymuş bu böyük elmi-təşkilati quruma ona Milli Elmlər Akademiyası statusu verilmişdir. Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsində də Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirməsinin nəticəsidir ki, sonrakı illərdə Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından onun qarşısına mühüm vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci və 2015-ci illərdəki müvafiq sərəncamları ilə AMEA-nın 60 və 70 illik yubileyləri təntənəli şəkildə qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən yubiley tədbirlərində iştirak etmiş, dərin məzmunlu nitqi ilə Azərbaycan elminin respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə şərtlənən prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir", - deyə akademik İsa Həbibbəyli bildirib.
Ölkə başçısının "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanı ilə AMEA-da yeni islahatlara start verildiyini deyən akademik İsa Həbibbəyli bu islahatların, əsasən, ictimai və humanitar profilli elmi müəssisələrdən ibarət Akademiyanın dövlətin ideoloji və mədəni-mənəvi siyasətinin həyata keçirilməsindəki rolunun artırılmasına yönəldiyini vurğulayıb.
Qeyd edib ki, hazırda AMEA-da beynəlxalq elmi əlaqələrin yeni ideoloji əsaslar üzərində qurulması, xüsusən, türkdilli ölkələr və onların elmi qurumları ilə əlaqələrin daha da gücləndirilməsi, Akademiyanın nüfuzlu beynəlxalq qurumlara üzvlüyünün təmin edilməsi, elmi müəssisələrin strukturunun yenidən qurulması, elektron hərəkatın inkişaf etdirilməsi, müasir dövrün çağırışlarına uyğun olaraq yeni şöbələrin təşkili istiqamətdə çoxşaxəli islahatlar həyata keçirilməkdədir.
"Olduqca əlamətdar bir haldır ki, AMEA-nın 80 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, ölkəmizin regionda və dünyada nüfuzunun yüksəldiyi və öz inkişafının yeni mərhələsinə qədəm qoyduğu bir dövrə təsadüf edir. Hazırda özünün yeniləşmə dövrünü yaşayan Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının müəyyən etdiyi vəzifələri həyata keçirmək istiqamətində genişmiqyaslı islahatlar apararaq yenidən qurulmaqda və inkişaf etməkdə davam edir", - deyə akademik İsa Həbibbəyli söyləyib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda bildirib ki, elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan, elmin inkişafında görkəmli xidmətləri olan Akademiya üzvləri respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında mühüm rol oynayırlar.
AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Komissiya yaradılıb və Tədbirlər planı təsdiqlənib.
Sonra iclasda Azərbaycan Milli Elmlər Akademiyasının loqotipinin seçimi üzrə Müsabiqə komissiyasının fəaliyyətinin nəticələri və AMEA-nın loqotipinin təsdiq olunması haqqında məsələ müzakirə edilib.
Akademik İsa Həbibbəyli AMEA-nın yeni korporativ imicinin formalaşdırılması və təbliğinin Akademiyanın tarixinə, son dövrlər onun fəaliyyət istiqamətlərində baş verən dəyişikliklərə və müasir informasiya cəmiyyətinin tələblərinə müvafiq şəkildə qurulması üçün onun bütöv quruluşa malik, zahiri simvol və ya qrafika kimi xarakterizə olunan fərqləndirici simvolunun - loqotipinin (emblem) dəyişdirilməsi zərurətinin yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, AMEA-nın loqotipinin (emblem) seçimi və digər zəruri məsələlərin həlli üçün Müsabiqə komissiyası yaradılıb və komissiyaya AMEA-nın yeni loqotipinin (emblem) müəyyənləşdirilməsi ilə bağlı müsabiqənin keçirilməsi, qalibin müəyyənləşdirilməsi və mükafatlandırılması, seçilmiş loqotipin (emblem) müvafiq qanunvericiliyə uyğun olaraq təsdiq edilməsindən irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.
Ötən müddət ərzində bu istiqamətdə zəruri işlərin həyata keçirildiyini, AMEA-nın yeni loqotipinin müəyyənləşdirilməsi istiqamətində geniş müzakirələrin aparıldığını deyən akademik İsa Həbibbəyli təqdim olunmuş loqotip (emblem) dizaynlarının geniş elmi ictimaiyyətə nümayişinin təmin edildiyini vurğulayıb.
Müsabiqə Komissiyası tərəfindən AMEA-nın "Elm" nəşriyyatının baş dizayneri Şəlalə Rüstəmovanın müəllifi olduğu ümumiləşdirilmiş loqonun yekun qiymətləndirmə üçün AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarıldığını deyib.
Şəlalə Rüstəmova tərəfindən ümumiləşdirilmiş layihədə müəllifin "bina", Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi dosent Rizvan Babaşovun "qlobus", həmin institutun kiçik elmi işçisi Oksana Məmmədovanın "kitab", Şərqşünaslıq İnstitutunun elmi işçisi Röya Mirzəbəyovanın "alov", Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayevanın "bayraq" simvolları və Şərqşünaslıq İnstitutunun elmi işçisi Solmaz Namazovanın "AMEA" sözləri əks olunub.
Həmçinin Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayevanın müəllifi olduğu layihə ən yaxşı bədii təsvir vasitəsi kimi Rəyasət Həyətinin diqqətinə təqdim edilib.
Təqdim olunmuş işlər barədə fikrini bildirən Azərbaycan Rəssamlar İttifaqının sədri, Müsabiqə komissiyasının üzvü Xalq rəssamı Fərhad Xəlilov layihələrin hər biri ilə tanış olduğunu və AMEA Rəyasət Heyətinin yekun müzakirəsinə çıxarılmış loqotipin (emblem) müasir standartlara cavab verdiyini deyib və müsabiqəni yüksək qiymətləndirib.
Daha sonra AMEA Rəyasət Heyəti tərəfindən təqdim olunmuş işlər qəbul edilib və layihə müəlliflərinə və iştirakçılara Təşəkkürnamələr, Fəxri fərmanlar və pul mükafatları verilib.
İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycan Milli Elmlər Akademiyasına dəvət edilməsi haqqında olub.
Akademik İsa Həbibbəyli bildirib ki, 29 noyabr 2023-cü il tarxində keçirilən AMEA-nın Ümumi Yığıncağında Nobel mükafatı laureatı Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib. AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.
İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın 30 may - 6 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.
Tədbirdə AMEA-nın dövri elmi jurnallarının Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) DergiPark bazasına daxil edilməsi haqqında məsələ də müzakirə edilib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın dövri elmi jurnallarının nüfuzlu beynəlxalq elmmetrik elektron baza reyestrlərinə daxil olunmasını dəstəkləmək məqsədilə onların saytlarının bu bazaların tələblərinə uyğun yaradılması və istifadəsinin təmin olunması üçün tədbirlər görülür. Bildirib ki, görülmüş tədbirlər nəticəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müqayisəli Ədəbiyyatşünaslıq" jurnalı, Azərbaycan Riyaziyyat Cəmiyyətinin "Azərbaycan Riyaziyyat Jurnalı" (Azerbaijan Journal of Mathematics) jurnalı və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri" (Seismoprognosis observations in the territory of Azerbaijan) jurnalı DergiPark elektron baza reyestrinə daxil edilib.
AMEA-nın dövri elmi jurnallarının TÜBİTAK-ın DergiPark elektron baza reyestrinə daxil edilməsini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli Akademiyanın digər elmi nəşrlərinin də bazaya daxil edilməsi üçün işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov TÜBİTAK-ın DergiPark elektron baza reyestrinin tələbləri barədə məlumat verib.
Sonra iclasda AMEA Rəyasət Heyətinin nəzdində daxili imkanlar hesabına "Akademiya Muzeyi"nin yaradılması haqqında məsələ müzakirə olunub.
Akademik İsa Həbibbəyli bildirib ki, son dövrlərdə AMEA-da həyata keçirilən çoxşaxəli islahatların mühüm istiqamətlərindən birini Azərbaycan elminin keçdiyi inkişaf yolunun tədqiqi və təbliği, elmin populyarlaşdırılması, gənc nəsildə elmə marağın artırılması istiqamətində görülən işlər təşkil edir. Qeyd edib ki, bu islahatların davamı olaraq Azərbaycanda elmin populyarlaşdırılması, elmi nailiyyətlərin təbliği, gənc nəsildə elmə marağın artırılması, həmçinin Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponatların, əlyazma və tarixi nəşrlərin toplanılması və qorunub saxlanılması, bu sahədə ekspozisiyaların qurulması, onun daima zənginləşdirilərək təkmilləşdirilməsi, ekspozisiya və sərgilərdə nümayişi məqsədilə AMEA-nın "Akademiya Muzeyi"nin yaradılması zəruridir.
İclasda qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyətinin nəzdində daxili imkanlar hesabına AMEA-nın "Akademiya Muzeyi"nin yaradılması qərara alınıb.
Bundan əlavə, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yeni strukturu və Nizamnaməsi təsdiqlənib. Eyni zamanda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun "Etnoqrafiya və etnologiya" ixtisası üzrə doktorant və dissertantlarının AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna keçirilməsi haqqında qərar verilib. Həmçinin Azərbaycanın görkəmli satirik şairi Qasım bəy Zakirin 240 illik yubileyinin, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin 70 illik və AMEA-nın müxbir üzvü Əli Nuriyevin 85 illik yubileyi haqqında qərarlar qəbul edilib.
İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Ramiz Rizayev, Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Minayə Feyzullayeva və başqaları çıxış ediblər.