Paytaxt Numea üzərində nəzarətin bərpası istiqamətində irimiqyaslı əməliyyatlar çərçivəsində Fransa polisinin mövqeyinin gücləndirilməsi məqsədilə Yeni Kaledoniyaya kömək gəlməyə başlayıb.
Publika.az “Reuters”ə istinadən xəbər verir ki, Fransanın nəzarət etdiyi adada polis və jandarmların sayı mayın 17-si axşama doğru 1 700-dən 2 700-ə çatıb.
Fransa Ali Komissarı Lui Le Frank deyib ki, kömək kütləvi qaydada, dərhal gələcək: “...Son günlər bizim nəzarətimizdən çıxan rayonlara nəzarət etmək üçün... itirdiyimiz şəhər ərazisinin bütün rayonlarını geri qaytarmaq üçün yerləşdiriləcək”.
Xatırladaq ki, Yeni Kaledoniyanın hakimiyyət orqanları arxipelaqın müstəqilliyinin tərəfdarları və əleyhdarları arasında arasıkəsilməyən qarşıdurmalar fonunda komendant saatı tətbiq ediblər. Buna səbəb arxipelaqın daha çox sakininə səs hüququ təqdim edəcək Konstitusiya islahatı layihəsidir. Yerli sakinlər – kanaklar bu addıma qarşı çıxış edirlər. Onların fikrincə, Paris onların adalarda rolunu daha da azaltmaq niyyətindədir. Yeni Kaledoniyada vəziyyətin mümkün qədər tez normallaşması Fransa üçün mühümdür. Bu, Paris üçün həm də ona görə vacibdir ki, arxipelaq dünyada nikel hasilatının həcminə görə beşinci yer tutur.