Son sutkada Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları 10 post yaradıblar.
Rusiya Müdafiə Nazirliyi postların məqsədinin yollarda hərəkətin təhlükəsizliyini təmin etmək olduğunu bildirib.
Yaradılan postlardan 5-i Azərbaycan tərəfi ilə birgə qurulub.
Qeyd edək ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa bölgələrində Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Rusiya sülhməramlılarının bu addımları nəyə hesablanıb? Ərazidə nə baş verir?
Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Rusiya sülhməramlıları məkəzdən əmr gəlməyincə, regionda bu və ya bu şəkildə öz fəaliyyətlərini formalaşdırmağa çalışacaq:
“Rusiya sülhməramlıları Cənub Hərbi Dairəsinin bir hərbi hissəsidir. Onlara çəkilməklə bağlı qərar gəlməyincə, oradakı mövcudluqlarını bu cür formalaşdıracaqlar. Bir yerdə post açacaq, digər yerdə bağlayacaqlar. Lakin bu, sahədə heç nəyi dəyişməz. Çünki sahədə münaqişə tərəfi yoxdur. Kimi kimdən qoruyacaqlar? Subyektlər olmadığına görə, sülhməramlıların fəaliyyətləri də olmayacaq. Erməni əhalisinin qayıdacağını nəzərə alaraq gələcəkdə sülhməramlılara ehtiyac yarana biləcəyini düşünə bilərlər. Amma hesab edirəm ki, bu da olmayacaq. Rusiya 1960 nəfərdən ibarət kontingentin fəaliyyətinə ehtiyac olmadığı ilə bağlı erkən qərara da gələ bilər. Çünki hərbçilərə Ukraynada ehtiyacı var. Buna görə də erkən komanda gələ bilər. 2025-ci ilə 6 ay qalmış Rusiya siyasi rəhbərliyi kontingentin qalması ilə bağlı qərar qəbul edə bilər. Belə olan halda onlar burada yalnız 2025-ci ilə qədər qala bilərlər. Sonrakı mərhələdə Azərbaycan keçid məntəqəsindən onları Qarabağa buraxmayacaqsa, deməli, sülhməramlılara ehtiyac da yaranmayacaq. Əslində, bir az da zamana oynayırlar”.
Hərbi ekspert Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin də sıfırlanmalı olduğunu düşünür:
“Monitorinq Mərkəzinin fəaliyyət istiqaməti məlumatların toplanıb rəhbərliyə ötürülməsindən ibarətdir. Kəşfiyyat vasitələri həmin ərazidəki Rusiya sülhməramlılarının rəhbərliyində olan məlumatları toplayıb rəhbərliyinə çatdırır. Yəni baş verənlərə müdaxilə etmə səlahiyyətləri yox idi. Düşünürəm ki, Monitorinq Mərkəzinin fəaliyyətinə də ehtiyac qalmır. Çünki Mərkəz münaqişəyə görə qurulmuşdu. Rusiya sülhməramlıları qeyri-qanuni silahlı birləşmələrlə təmas xətti yaratmışdılar. İndi sahədə fəaliyyət yoxdursa, hansı məlumatı toplayacaqlar? Monitorinq Mərkəzinin də sıfırlanması mümkündür. Rusiya birtərəfli qaydada öz heyətini Ermənistandakı 102-ci hərbi bazaya köçürə bilər. Türkiyə ilə birgə fəaliyyətimiz var. Onlar nümayəndələrini burada bir yerə köçürə, yaxud geri qaytara bilər”.
Hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının yeni yaratdığı postlarının heç bir əhəmiyyətinin olmadığını vurğulayıb:
“Rusiya sülhməramlılarının öz postlarını ləğv etməsi müttəfiqi Ermənistan tərəfindən müəyyən təzyiqlərə səbəb olurdu. Yeni yaradılan postların heç bir əhəmiyyəti yoxdur. Çünki şimal istiqamətində əksər postları ləğv edən Rusiya kontingenti yeni yaradılan postlarda Azərbaycanla birgə fəaliyyət həyata keçirir. Odur ki, bu postların fəaliyyəti formal xarakter daşıyır. Onların ğz fəaliyyətini gələn ilin ortalarına qədər tamamilə başa vuracağı da istisna edilmir”.
Ə.Verdiyev də Monitorinq Mərkəzinin fəaliyyətini tamamilə başa vura biləcəyindən bəhs edib:
“Türkiyə-Rusiya Monitorinq Mərkəzi öz fəaliyyətini Azərbaycan ərazisində həyata keçirir. Bir dəfə də olsun onların fəaliyyəti dövlət rəhbərləri tərəfindən tənqid edilməyib. Deməli, onların fəaliyyəti Azərbaycan tərəfini qane edib. Buna görə də Rusiya hərbi kontingentinin fəaliyyəti məhdudlaşdırıldığı halda Monitorinq Mərkəzi də ya qismən, ya da tamamilə öz fəaliyyətlərini başa vuracaq”.