ABŞ hakimiyyəti Tayvan boğazında ümumi maraqları təşviq etmək və sülhü qorumaq üçün ada Administrasiyasının yeni rəhbəri Lay Sinde ilə əməkdaşlığa ümid edir.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin yazılı bəyanatında deyilir.
"Ortaq maraqlarımızı və dəyərlərimizi inkişaf etdirmək, uzun müddət davam edən qeyri-rəsmi münasibətlərimizi dərinləşdirmək və Tayvan boğazının hər iki tərəfində sülh və sabitliyi qorumaq üçün (administrasiya) rəhbəri Lay Sinde və Tayvanın siyasi spektrinin bütün üzvləri ilə əməkdaşlığa ümid bəsləyirik", - Blinken deyib.
Onun sözlərinə görə, Amerika xalqı ilə Tayvan xalqı arasında demokratik dəyərlərə əsaslanan tərəfdaşlıq ticarət, iqtisadiyyat, mədəniyyət sahələrində genişlənməyə və dərinləşməyə davam edir.