“Cinayətkar qruplar xarici nömrələr vasitəsilə vətəndaşlara zəng edərək onların bank kartı məlumatlarını əldə edir və hesablarında olan vəsaitləri kiber üsullarla talamaqda davam edirlər”.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
O vurğulayıb ki, mayın 18-19 tarixlərində vətəndaşlara məxsus kartlardan müvafiq olaraq 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 vəsaitlər oğurlanıb:
“Bütün faktlar bir üsulla - şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604-dür. “Bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, - deməklə isə 6500 manat pul oğurlanıb. Digər faktlar da eyni məzmunludur”.
DİN-in rəsmisi müracətində qeyd edib ki, hesaba pul köçürülməsi niyyəti ilə qarşı tərəfə 16 rəqəmdan əlavə məlumatlar verilməməlidir:
“Əgər hər hansı cəbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsitinizi itirəcəksiniz”.