AZ

'İranın birinci şəxsinin şah dövründə alınan helikopter ilə...'

Mayın 19-da içində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir neçə digər rəsmi şəxsin olduğu helikopter qəzaya uğrayıb. Mayın 20-də səhər saatlarında İranın rəsmi şəxsləri prezidentin və onun komandasının həlak olduğunu açıqlayıb. Qəzaya ilkin səbəb kimi əlverişsiz hava şəraiti göstərilir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, İranın birinci şəxsinin 50 il bundan öncə, Rza Şah Pəhləvi dövründə alınan helikopterdən istifadəsi ağlasığmazdır: "Bu helikopterin ən qədim versiyası elə 1979-da hazırlanıb, güman ki, İran da elə o zamanlar bunu alıb".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı isə Turana deyib ki, dünya ölkələri bu işə qarışaraq xilasedicilər göndərib, peyk ilə qəzaya uğrayan helikopteri axtarıb: "Digər tərəfdən isə, yanında başqa iki helikopter də gedib və bu hava şəraitində ünvana çatıblar. Məncə, bu, tale işidir".

Deputat qeyd edib ki, İ.Rəisi Azərbaycan prezidenti ilə görüşdən sonra xoş əhval-ruhiyə ilə gedib: "Başqa yollar da vardı, duman və çiskin olmayan Muğan çöllüyünün üstündən də çıxıb gedə bilərdi. Amma, elə bil ki, tale onu ora ilə aparıb".

S.Rüstəmxanlı vurğulayıb ki, bütün versiyalar yoxlanılacaq: "Amma hesab edirəm ki, orada sui-qəsd və ya hansısa bir ölkənin müdaxiləsi ehtimalı çox azdır".

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu AzadlıqRadiosuna bildirib ki, qəzadan sonra çoxlu müxtəlif versiyalar olub: "Amma hava şəraiti və təbii qəza olduğu ilə bağlı versiya daha güclüdür. İran da bu versiya üzərində dayanır. Amma baxdıqda İranın təyyarələri, helikopterləri çox aşağı keyfiyyətlidir. Sanksiyalara görə İran təyyarələr ala, təmir edə bilmirdi".

Onun fikrincə, bu hadisə İranın daxilində müxtəlif qruplaşmalar arasında mübarizənin nümunəsi də ola bilər: "Havada üç helikopter olub. Prezident və xarici işlər naziri üçüncü helikopterdə olub. Qəza baş verərkən irəlidə gedən iki helikopter nədən geri qayıdıb hadisəni araşdırmayıb?! İbrahim Rəisi mühafizəkar dairənin təmsilçisi idi və, ehtimallara görə, xəstə olan ali dini lideri yaxın müddətdə əvəz də edə bilərdi. Ona görə şayiələr yayılır ki, İbrahim Rəisinin neytrallaşması İrandakı daxili qruplaşmaların hansınınsa planı da ola bilərdi".

Siyasi şərhçisi Zərdüşt Əlizadə də deyib ki, hadisə ilə bağlı mütəxəssislərdən, prokurorlardan ibarət istintaq komissiyası yaradılacaq: "Onlar araşdıracaq. Helikopterin qara qutusu var. Orada helikopterin bütün sistemlərinin, cihazların işləməsi yazılır".

Ekspertin sözlərinə görə, fakt odur ki, hava şəraiti çox mürəkkəb olub: "Əminliklə demək olar ki, dövlət başçısının helikopteri əvvəldən yoxlanılıb, vəziyyəti yaxşıdır. Açılış mərasiminə üç helikopter uçub, ikisi salamat qayıdıb, Prezidentin helikopteri isə yox. Bunu bir sözlə izah etmək olar - qəza".

Politoloq qeyd edib ki, təyyarə qəzaya uğrayanda onun enmə şansı az olsa da, var: "Amma helikopterdə bu, pərlərin fırlanmasından asılıdır. Fırlanmırsa, helikopter dərhal yerə düşür. Hündürlük az olanda sərt eniş olsa da, ekipaj, sərnişinlər arasında sağ qalmaq şansı olur. Amma kifayət qədər hündür yerdən düşürsə, orada heç kəs sağ qalmır".

Mayın 19-da Azərbaycan ilə İran prezidentləri iki ölkənin sərhədində - Araz çayı üzərində inşa olunmuş "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının açılış mərasimində iştirak ediblər. Daha sonra İ.Rəisi helikopter ilə Təbrizə qayıtmaq istəyib.

"Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr ölkələrimizin xalqlarının mənafeyinə xidmət etməlidir. Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır". AZƏRTAC-ın məlumatına görə, bu sözləri həmin açılış mərasimində çıxışı zamanı İran prezidenti İbrahim Rəisi söyləyib. "Düşmənlər nə Azərbaycanın, nə də İranın inkişafını görmək istəyirlər. Düşünürük ki, Azərbaycanın inkişafı bizim də inkişafımızdır", - o əlavə edib.

"Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir", - bunu isə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bugünə qədər heç bir səmərə verməyib və verməyəcək", - o vurğulayıb.

Amma ötən ilin ortalarına qədər İran ilə Azərbaycanın münasibətlərində müəyyən gərginliklər müşahidə edilib. 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. Bununla belə, Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirib. Amma ötən ilin ortalarından başlayaraq, xüsusilə də son aylar hər iki tərəfdən bir-birlərinə yönəlik müsbət dəyərləndirmələr səslənir. Halbuki münasibətlərin gərgin dövrlərində rəsmilər qarşılıqlı ittihamlar səsləndirir, hətta hər iki tərəf bir-birinin sərhədində hərbi təlimlər keçirirdilər.

İranda Azərbaycan-İsrail, Azərbaycanda isə İran-Ermənistan münasibətlərinin inkişafı tənqidlərlə qarşılanıb.

Azərbaycan ilə İran dövlət sərhədində - Araz çayı üzərində "Xudafərin", "Qız Qalası" hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ildə imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəlində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi nəticəsində dayandırılıb, sonrakı dövrlərdə tikinti işləri yalnız İran tərəfindən aparılıb. 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan hidroqovşaqların tikildiyi Cəbrayıl rayonunu işğaldan azad edib.

Seçilən
508
50
turan.az

10Mənbələr