AZ

Anatoli Ponomaryovdan Musa Qurbanlının “Yurqorden”dəki karyerası ilə bağlı AÇIQLAMA

“Belə suallar futbolçu karyeramda da səslənilirdi. Hər hansısa komandaya keçiddə tələsmişəm?”.

Bunu “İdman Bizimlə” verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryov deyib.

41 yaşlı veteran hücumçu yığmamızın formasını geyinən Musa Qurbanlının İsveçin “Yurqorden” klubundakı vəziyyətini dəyərləndirib. Onun sözlərinə görə, Qurban Qurbanovun oğlu düzgün qərar qəbul edib: “O, gəncdir. Bu yaşda gücünü xaricdə sınamalısan ki, daha böyük komandalara keçəsən. Musa “Qarabağ” kimi güclü klubda qalıb daha böyük uğurlar qazana bilərdi. Amma qərar veribsə, bu, düzgündür. “Yurqorden”də atmosfer tam fərqlidir. “Qarabağ” onlardan qat-qat güclüdür. Ağdam təmsilçisi futbolçunu yetişdirməyi bacarır. İsveçlilərin yanaşması isə başqa cürdür. Onlar futbolçunu dəvət edir. Çempionatda 8 qol vurduqdan sonra səni daha bahalı klublara satırlar”.

“Yurqorden”də çalışan Ponomaryov Qurbanlıya dəstək olmağa çalışdığını deyib: “Musa ilə görüşürəm. Onun atası ilə birgə millidə oynamışam. Ailəmlə İsveçdə yaşayıram. Hesab edirəm ki, bir-birimizə kömək etməliyik. O, cavan oğlandır. İlk dəfə evdən uzaqdadır. Musa gənc olsa da, çox ağıllı və hərtərəfli insandır. Biz tez-tez onu evimizə dəvət edirik. Birlikdə oyunlara baxırıq. Mənim oğlum və onun dostlarıyla söhbətləşirik. Yəni bacardıqca onu darıxmağa qoymuruq, həmişə kömək etməyə hazırıq”.

Qeyd edək ki, Qurbanlı “Yurqorden”nin heyətində 16 oyuna çıxıb. O, bu matçlarda 2 qol vurub və 1 assistlə yadda qalıb.

Emin Ağa
İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr