AZ

Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfə verir - AÇIQLAMA

“Bu gün dünyada iqlim dəyişiklikləri, təbiətə vurulan zərərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ötən dövr ərzində bu istiqamətdə ölkə rəhbəri tərəfindən dövlət proqramları təsdiq edilib, müvafiq fərman və sərəncamlar imzalanıb”. Bu fikirləri Avropa.info-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. "Bu mənada, Azərbaycanın mövqeyi və məsələyə yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin altenraniv enerji potensialı da yüksək dəyərləndirilir. Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində qeyd edib: “Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni də anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir”, - deyə o əlavə edib.  Millət vəkilinin sözlərinə görə,  ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən önəmin ifadəsidir. "Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur", - deputat bildirib.“COP29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir daha təsdiqləyir ki, dünya birliyi ölkəmizə və onun Liderinə inanaraq böyük etmad göstərir. məlumdur ki, COP üçün yenilik olan bir təşəbbüs ölkəmiz tərəfindən irəli sürülüb. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, bu, üç ölkə mexanizminin yaradılmasıdır. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, qarşılıqlı səylər və həmrəylik sayəsində iqlim dəyişiklikləri məsələsində müsbət nəticələr əldə etmək mümkündür. Bu kontekstdə, COP29 qlobal miqyaslı ekoloji problemlərin müzakirə platforması olmaqla yanaşı, həm də ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəyə verə biləcəyi töhfələri nümayiş etdirəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Seçilən
176
50
avropa.info

10Mənbələr