AZ

İmtahan rəhbəri: 163 nömrəli məktəbdə təşkil olunan imtahanda heç bir qayda pozuntusu qeydə alınmayıb

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

AZƏRTAC-ın əməkdaşları 163 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanları izləyiblər.

İmtahan rəhbəri Mustafa Mustafayev bildirib ki, burada keçirilən imtahanda 189 nəfər abituriyentdən hamısı imtahanda iştirak edib. Onlardan 33 nəfəri oğlan, 156 nəfəri qızdır. İmtahanda heç bir qayda pozuntusu, insident qeydə alınmayıb. Sağlamlıq durumu ilə bağlı problem yaşayan abituriyent olmayıb.

Qeyd edək ki, II ixtisas qrupu üzrə imtahanda 23874, III ixtisas qrupu üzrə imtahanda isə 25104 nəfər olmaqla, ümumilikdə 48978 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.

Seçilən
139
19
azertag.az

10Mənbələr