AZ

Fövqəladə Hallar Nazirliyi növbəti şərti yanğın təlimi keçirib

Bakı, 31 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə paytaxtın Nərimanov rayonunun Təbriz küçəsi, 794-cü məhəllə ünvanındakı “Aybir” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir MTK rəhbərliyinin müraciəti əsasında təşkil olunub.

Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binalarına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış kompleksinə və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub.

Mövcud vəziyyətlə əlaqədar yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Onların nəzərinə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların səmərəli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

 

Seçilən
92
17
azertag.az

10Mənbələr