İyunun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
DİM-dən Moderator.az-a bildirilib ki, I ixtisas qrupu üzrə imtahanda 30058, IV ixtisas qrupu üzrə imtahanda isə 5908 nəfər olmaqla, ümumilikdə 35966 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunan imtahan saat 10:00-da başlanacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanın keçirilməsi üçün şəhər və rayonlarda ümumilikdə 149 bina, 2657 zal ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.