AZ

SOCAR-a hücum: Azərbaycanın dostları ilə münasibətlərinə zərbə vurmağa cəhd

Azərbaycanın müttəfiqləri və tərəfdaşları ilə münasibətlərini korlamağa çalışanlar az deyil. Bir çoxları Yaxın Şərqdə yaranmış vəziyyətdən istifadə edərək özlərini daha çox müsəlman, humanist göstərməyə çalışırlar.

Hətta iş o yerə çatıb ki, Türkiyədə çıxan və ermənilərə məxsus "Agos" adlı qəzet belə, özünü "panislamçı", "humanist" kimi sırımağa çalışıb. Ancaq bu yerdə onun anti-Azərbaycan qərəzi yan yamağı kimi tez görünüb.

Nə baş verir? Ötən il oktyabrın 7-də HƏMAS İsrailə silahlı hücum edəndən sonra bəziləri elə zənn etdilər ki, müsəlman dünyası bütövlükdə bu qruplaşmanı dəstəkləyəcək və ona yardım edəcək. Hətta onlar müsəlman təəssübkeşliyi ilə şüarlar səsləndirməyə başladılar.

Azərbaycan isə Fələstini tanımaqla yanaşı, İsraillə münasibətlərində gərginliyin sülh, danışıqları yolu ilə həlli tərəfdarı olub. Hər iki ölkə ərazisində Azərbaycanın səfirliyi fəaliyyət göstərir.

Bundan başqa, hər iki ölkənin Bakıda səfirliyi var. Azərbaycan tərəflərə vasitəçiliyini də təklif edib. Ölkə qanunları hərbçilərinin başqa dövlət ərazində döyüşməsinə və ya qoşun saxlamasına icazə vermir. Odur ki, Azərbaycan qanunlarına uyğun olaraq, belə fəaliyyətlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilirlər.

HƏMAS-İsrail müharibəsi dünya müsəlmanları ilə İsrail arasında savaş deyil. Regionda üstünlük və hegemonluq uğrunda mübarizə aparan güclərin savaşıdır. Azərbaycanın isə o regionda sadalananlardan heç birində marağı yoxdur. Rəsmi Bakı Yaxın Şərqdə sülh, əməkdaşlıq və təhlükəsizlik tərəfdarı olaraq çıxış edir.

Ancaq rəsmi Bakını öz oyunlarına cəlb etmək istəyənlər də tapılırlar. Onlar Türkiyədə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Mayın 31-də İstanbulda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mənzil-qərargahına hücum olub. Onlar Azərbaycan neftinin Türkiyənin Ceyhan limanı vasitəsi ilə İsrailə nəqlinin dayandırılmasını tələb ediblər.

Bu "aksiya"nın nə qədər gülünc olduğu tələblərindən bəllidir. Həmin "etirazçı" gənclər Azərbaycan Dövlət Neft Şirkətindən "Fələstin xalqı adından cavabdehlik tələb etməyə gəldiklərini" iddia ediblər. Onlar bildiriblər ki, guya SOCAR-ın nefti İsrailə daşınır.

Ötən gün həmin "tədbir"in bir qrup iştirakçısı saxlanılıb.

Xatırladaq ki, bu ilin mart ayında da həmin "ideya"nın "təşəbbüsçüləri" SOCAR-ın ofisinin binası qarşısında etiraz aksiyası keçirmişdilər. Onlar "Azərbaycan satır, Türkiyə daşıyır!", "Yaşasın qlobal intifada!", "Çənləri bağla, ticarəti kəs!", "Çaydan dənizədək azad Fələstin!" şüarlarını da səsləndirmişdilər.

Fevralda isə oxşar şərtlərlə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarşısında "aksiya" keçirilib. Azərbaycanı ləkələmək istəyənlər həm də savadsızlıqlarını nümayiş etdiriblər. Onların "Azərbaycan İsrailə neft satır" hikkəli iddiası həqiqəti əks etdirmir. Çünki dünya neft bazarında bütün şirkətlər, o cümlədən SOCAR məhsullarını treyder şirkətlərə satırlar. Onlar həmin alıcıların məhsulu hansı dövlət və ya şirkətə satdığına nəzarət edə bilmirlər.

Maraqlıdır ki, İstanbulda keçirilən aksiyaları ilk yayan İran KİV-i olub. Habelə, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus informasiya vasitələri bu aksiyanın təbliğində çox fəallıq göstəriblər. Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olduğunu iddia edən Tehran hakimiyyətinin rəsmi IRNA agentliyi də bu məlumatın yayılmasında fəallıq göstərib. O halda belə sual yaranır - bu tədbiri kimlər keçiriblər? Əlbəttə, SEPAH-ın əsas kadr bazası sayılan "Bəsic"in Türkiyəyə gedib, o aksiyanı keçirməyə indiki şəraitdə imkanı zəifdir. Ancaq bu ölkədə müsəlman dövlətlərdən olan qaçqınlar var. Məsələn, Suriya, İraq və başqalarını örnək olaraq göstərmək mümkündür. Həmin qaçanların yerləşdiyi düşərgələrdə İranın HƏMAS-la bağlı təbliğatının aparılmaması mümkün deyil. Vaxtı ilə İranın İmdad Xomeyni adına Xeyriyyə Cəmiyyəti də qaçqın düşərgələrində inqilab doktrinasının təbliğatını aparardı. Bu baxımdan Türkiyədə də həmin işlərin görüldüyü istisna edilmir. Daha çox pul qazanmaq üçün belə insanlar tələyə də düşə bilərlər.

Deməli, həmin şəxsləri aşağıdakı qruplara bölmək olar:

- öz ölkələrindən Türkiyəyə sığınan qaçqınlar;

- yaranmış şəraitdən sui-istifadə edən PKK terror qruplaşması üzvləri və ya tərəfdarları;

- İranın dəstəklədiyi qruplar;

- "Agos"un timsalında Azərbaycanın ərazi bütövlüyünün təminin həzm edə bilməyən ermənisevələr və s.

Məqsəd heç də Fələstinin dövlət müstəqilliyinə yardım etmək deyil. Bu qruplar Azərbaycanla Türkiyə arasında çoxtərəfli əlaqələrin, əməkdaşlığın üzərinə kölgə salmağa çalışırlar. Müsəlman təəssübkeşliyi edib "çaydan dənizədək azad Fələstin" deyənlər, "dənizdən-dənizə Böyük Ermənistan" uğrunda mübarizə aparan işğalçı Ermənistana yardım edən İran hakimiyyətinə qarşı niyə heç vaxt çıxmayıblar? Yaxud Azərbaycan torpaqlarını Ermənistan tankları, İran nefti - yanacağı, dizeli işğal edib. Bu həqiqəti niyə unudurlar? İran hakimiyyəti olmasa idi, Ermənistan torpaqları 30 il işğal altında saxlaya bilməzdi. Azərbaycanın da müsəlman dövləti olduğu indi yada düşür. Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan İranı ölkəsi üçün "nəfəslik" adlandırıb.

Türkiyədəki söz azadlığından istifadə edən "Agos" hadisə ilə bağlı Azərbaycana qarşı kin və nifrətini gizlədə bilməyib. Onun müəllifinin iddiasına əsasən, hamı İsraili qınadığı halda Azərbaycana fərqli münasibət bəsləyir. "Agos"un dar, qərəzli düşüncəsinə görə, guya "ermənilərə və ərəblərə qarşı eyni düşmənçilik var".

Bu yolla həmin KİV Türkiyədə Azərbaycana qarşı kin-nifrət yaymağa çalışır. Bunlar Hitler Almaniyasının əlaltısı olmuş Qaregin Njdenin türk düşmənliyi ideologiyasının daşıyıcılarıdır. Həmin əlaltı ermənilərə belə vəsiyyət edib: "Türkə qarşı mübarizəsiz bir gün olmamalıdır". "Agos" da faşistlərin xidmətçisi olmuş liderinin vəsiyyətinə əməl edib.

Nə "aksiya" keçirənlərin, nə onların ağalarının, nə də belə hadisələrə don geyindirmək istəyənlərin hədəfi Fələstinin azadlığı, onun tanınmasıdır. Onlar Azərbaycan-İsrail, Azərbaycan-Türkiyə, Azərbaycan -Fələstin münasibətlərinə zərbə vurmağa səy göstərirlər. Bu qüvvələr Körfəz ərəb ölkələri ilə Azərbaycanın əlaqələrinə də kölgə salmağa çalışırlar. Ancaq daşın haradan, hansı məqsədlə atıldığı hər kəsə bəllidir...

"Report" İnformasiya Agentliyi

Seçilən
246
4
seher.media

10Mənbələr