AZ

"Uşağa müştəri kimi yox, pasiyent kimi baxırıq..." - 17 saylı xüsusi təyinatlı körpələr evindən REPORTAJ

Bakıda yerləşən 300-dən çox məktəbəqədər təhsil müəssisəsindən sadəcə 2-si xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulub. Bunlardan biri də 17 saylı xüsusi təyinatlı körpələr evi – uşaq bağçasıdır. 

 

Xüsusi qayğıya ehtiyacı olan fidanlarımızı tanımaq, onların təhsil aldıqları sistemlə yaxından maraqlanmaq üçün bu təlim ocağına səyahət etməyi qərarlaşdırırıq. Və nəhayət... 17 saylı xüsusi təyinatlı körpələr evi – uşaq bağçasındayıq.

 

Bizi müəssisənin direktoru Xankişiyeva Gülnarə Ağahüseyn qızı qarşılayır və bağça ilə tanışlığımız buradan başlayır. Kənardan baxanda adi bir bağça kimi görünsə də, həyətə daxil olan kimi elə olmadığını anlayırıq. Bağçanın dizaynı bizi heyram edir. Bura sanki nağıllar aləmidir. Bu aləmin sehrində ikən bir xanım yaxınlaşır.

Xanım bağçanın defektoloq loqopedi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiya (PTPK) üzvü Nailə Hacıyevadır.

 

Bağçada təmizlik qaydaları xüsusi qorunur. Binaya daxil olarkən baxıl geyinməyimizi xahiş edirlər.

 

 

Otaqları gəzirik. Nailə xanım bizə bağça, təhsil alan uşaqlar və müəllim heyəti ilə bağlı məlumatlar verir: 

 

"Bağça 1967-ci ildən fəaliyyət göstərir. 2005-ci ilin avqust ayından müəssisənin müdiri Gülnarə xanımdır. Bağçada nitqi qüsurlu və xüsusi qayğıya ehtiyacı olan uşaqlar təlim və tərbiyə alır. Hazırda 12 nitqi qüsurlu, 2 əqli inkişafdan geri qalmış olmaqla, ümumilikdə 14 qrup fəaliyyət göstərir. Müəssisənin ümumi uşaq tutumu 164-dür, lakin 136 qəbul aparılır. Bu rəqəm Nazirlər Kabinetinin qərarına əsasən müəyyənləşib. Belə ki, hər əqli qüsurlu qrupda 6, nitqi qüsurlularda isə 2-3 yaşlarında 8, 4-5 yaş aralığında 10, 6-7 yaşlılarda isə 12 uşaq olur".

 

Loqoped bizə bağçanın uğurlarından da danışır və bu uğurlara görə bağçanın bütün əməkdaşlarının əməyinin böyük olduğunu xatırladır:


"Müəssisəmizdə 14 defektoloq loqoped, 29 tərbiyəçi fəaliyyət göstərir. Loqopedik kabinetlər müasir stadartlara uyğun olaraq ən son təchizatlarla təmin olunub. Rəhbərlik, loqoped və tərbiyəçilərin birgə səyi və əməyi nəticəsində çox böyük uğurlara imza atmışıq. Burada xadimə, dayə və texniki işçilərin də əməyini unutmaq olmaz. Uşaqlarla savadlı işçi heyəti çalışır. İldə bir dəfə rəhbərliyin təşəbbüsü ilə defektoloq loqopedlər olaraq biliyimizin daha da artırılması və təkmilləşdirilməsi üçün təlimlərə qoşulub sertifikatlar əldə edirik”. 

 

N.Hacıyeva qəbul yaşı ilə bağlı məlumat verir,  bu dəmdə valideynlərə çağırış etməyi də unutmur:

 

“Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir çoxu buradan sonra ümumi təhsil müəssisələrində təhsil alır.  Nitq qüsurlu uşaqlar 2 yaşdan, əqli inkişafdan ləngimişlər isə 4 yaşdan 8 yaşa qədər bağçamıza qəbul olunur. Lakin istərdik ki, əqli inkişafdan geri qalmış uşaqlar da daha tez bağçaya gəlsinlər, heç olmasa, 3 yaşından başlasalar, nəticə daha tez alına bilər. Çünki valideynlər artıq uşağın 2 yaşından ondakı dəyişikliyi görə bilirlər. 

 

17 saylı xüsusi təyinatlı körpələr evi uşaq bağçası bir çox özəl mərkəzlərə böyük rəqibdir. Uşaqlar mərkəzlərə müraciət edəndən sonra bağçaya üz tuturlar. Bildirirlər ki, 1 ildir mərkəzdə heç bir nəticə əldə etməyiblər və deyiblər ki, uşağın ümumi təhsil müəssisəsində təhsil alması heç cür mümkün deyil. Lakin bağçamızdakı “Kanner” sindromlu uşaq belə inklüziv də olsa, təhsil ala bilir. Uşaqlarda çox yaxşı nəticə ala bilməməyimizin yeganə səbəbi valideynlərin onları gec gətirməsidir. Buna görə də uşaqların bağçamıza tez gətirilməsinin tərəfdarıyıq. Mərkəzlər uşağa müştəri, biz isə pasiyent kimi baxırıq. Ən əsası biz uşaqlara sevgi veririk. Sevindirici haldır ki, artıq bizə güvən var. Gələnlər deyir ki, haqqınızda eşitmişik”.

 

Mərtəbələri gəzirik. Kişi əməkdaşla rastalaşmırıq. Bu hal diqqətimizi çəkir. 

 

Nailə xanım, bağçada kişi işçilər niyə çalışmır? Səbəbi nədir? 

 

- Sadəcə 2 kişi mühafizəçimiz var. Digər işçilərimizin hamısı qadınlardır. Kişi işçilərin də olmasını istərdik. Bəlkə də, tibb sahəsində işləyən kişilər var, lakin bağçaya müraciət edən olmayıb”.

 

Otaqlardan birində baş defektoloq loqoped Fəridə Ağayeva ilə qarşılaşırıq. O, bağçanın əməkdarlarındandır. Ömrünün 22 ilini balacaların təliminə və tərbiyəsinə həsr edib. Bəli 22 il... Bir igidin ömrüdür deyə bilərik. Ümumiyyətlə, həmsöhbət olduğumuz hər kəs 10 ildən çoxdur ki, 17 saylı bağçada fəaliyyət göstərir.

 

Baş defektoloqla söhbətləşməyə başlayırıq.

 

Fəridə xanım, bağçanızın məqsədi nədir? Uşaqlarla iş prinsipiniz necədir? Eyni qrup daxilində olan uşaqlara eyni iş planı ilə yaxınlaşırsınız, yoxsa bu məsələdə fərdi yanaşmaya üstünlük verirsiniz? Ümumiyyətlə, iş mühitini necə qurmusunuz?

 

“Məqsədimiz erkən vaxtlardan etibarən loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyası və onların sağlam cəmiyyətə inteqrasiyasını təşkil etməkdir. Bu səbəbdən leqopediya elminin prinsiplərini əsas tutaraq – yanaşma, inkişaf, nitq qüsurlarının psixi inkişafının digər sahələri ilə əlaqəli korreksiya prinsiplərindən istifadə edərək hər bir uşaq üçün xüsusi və fərdi iş planı hazırlayırıq. Hər birinin inkişaf xüsusiyyətlərini ətraflı araşdırır, onun öyrənmək qabiliyyətini müəyyənləşdirir və müasir metodlardan istifadə edərək korreksiyaedici təlim işimizə başlayırıq. Bu səbəbdən loqopedik kabinələrimiz müasir standartlara cavab verən xüsusi avadanlıqlarla tam təchiz olunub".

 

 

Bəs loqopedlər özləri öz biliklərini artırmaq, uşaqlara daha çox fayda vermək üçün özlərini necə inkişaf etdirirlər?

 

 

"Bağçamızda tərbiyəçilər, tərbiyəçi köməkçiləri və loqopedlər işin keyfiyyətini artırılması üçün rəhbər heyətin köməkliyi ilə keçirilən təlimlərdə iştirak edir. Bu zaman təlimin yeni metodlarını mənimsəməyə çalışırıq və onları öz işimizə tətbiq edirik. Bundan əlavə, bağçamızda mütəmadi olaraq valideynlər üçün də “Açıq qapı” günləri,dəyirmi stol, diskussiya günləri təşkil olunur. Valideynlərə də loqopedin işini evdə davam etdirmələri üçün xüsusi tapşırıqlar veririk”. 

 

Söhbətimizə baş tərbiyəçi İlahə Heydərova ilə davam edirik.  İlahə xanım bizi iş rejimləri ilə bağlı məlumatlandırır:


 

 

“Günün birinci yarısı fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, estetik və yaradıcılıq, sosial-emosional inkişaf sahələri üzrə məşğələlər təşkil olunur. Məşğələləri həm loqoped, həm də tərbiyəçi həyata keçirir. Loqoped həm qrupla, həm də fərdi məşğul olur və günün ikinci yarısı öz tapşırıqlarını verir. Biz tərbiyəçilər günün ikinci yarısı loqopedin verdiyi tapşırıqlar üzrə məşğul oluruq. Bilirsiniz ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar öz həmyaşıdlarından fərqlənir. Bu cür uşaqlarla işləyən kadrlar psixoloji cəhətdən hazır olmalıdırlar. Məhz bu hazırlıqların düzgün getməsi üçün rəhbərliyin təşəbbüsü ilə mütəmadı olaraq təlimlərə qoşulur, ənənəvi metodlardan çıxmaq üçün maarifləndirici vasitələrdən istifadə edir, kurslarda iştirak edirik. Uşaqlara qayğı, sevgi ilə yanaşmaq, onlarda özünə inam yaratmaq əsas şərtlərdən biridir. Bu işdə tərbiyəçi- loqoped-tərbiyəçi köməkçisi birliyi olmalıdır. Əsas sevgi olmalıdır ki, nailliyyətlər əldə olunsun. Bu işdə tərbiyəçi köməkçiləri də yaxından köməklik göstərirlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil məktəblərində təhsil almaları üçün bütün səylər göstərilir və biz bu uğurlara nail olmuşuq. İllərdir bağçamızda təlim- tərbiyə alan uşaqlar xüsusi məktəblərə yox, ümumitəhsil məktəblərinə qəbul olunublar. Bu uğur bizlərlə valideynlərin birlikdə əməkdaşlığından irəli gəlır. İlk başdan valideynlərdə övladının cəmiyyətə inteqrasiya ediləcəyinə inam yaratmaq lazımdır. İnam işin yarısıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası biz tərbiyəçilərin əsas vəzifəsidir. Sağlam kollektiv, sağlam düşüncə, sağlam iş üsulları yaratmaqdan ötrü çox çalışmaq lazımdır. Məhz bunları əldə etmək üçün rəhbərlik illərdir bizimlə çiyin-çiyinə çalışıb və bu gün də çalışmaqdadır”.


13 ildir, bu bağçada çalışan defektoloq loqoped Raidə Nəcəfova isə masajın uşaq orqanizmi üçün əhəməiyyətini vurğulayır, balacaların intellektlərini necə artırdıqlarının yolları barədə məlumat verir:

“Sağlamlıq imkanı məhdud uşaqlara loqoped otaqlarımızda sterilizə olunmuş ən son alətlərlə masaj tətbiq edirik. Masajlar hər gün 12-15 dəqiqə ərzində olunur. Bundan əlavə, didaktik oyunlara da üstünlük verilir. Beləliklə, nitqdən əlavə, intellektual səviyyəsini də inkişaf etdiririk. Bəzi çətinlik yaşayan uşaqlar nevropotoloqa yönləndirilir və kompleks müalicə aparılır”. 

 

Müəllimlərlə aparılan söhbətin və eləcə də günün sonuna yaxınlaşırıq. Valideynlər uşaqlarını götürmək üçün bağçaya axışırlar. Fürsətdən istifadə edib onlardan bir neçəsi ilə də söhbət edirik.

 

Həmsöhbətimiz Sədaqət Muradovanın övladı həm nitq qüsurlu, həm də autizmlidir. Sədaqət xanım bağçanın işindən çox razı qaldığını bildirir:

 

“Övladımın 6 yaşı var və 4 yaşından bu bağçadadır. Əvvəllər heç danışa bilmirdi, amma indi çox irəliləyiş var. Özünəqulluğu öyrənib, yeməyini özü yeyə bilir. Sentyabrdan məktəbə başlayacaq. İstərdim ki, belə bağçalardan çox olsun. Düzdür, özəl bağçalar, mərkəzlər var, lakin onlar maddiyat tələb edir. Özəl mərkəzlərə aparsam da, övladımda buradakı kimi nəticə görməmişik. Buradan çox razıyıq”.

 

 Nitq qüsurlu və autizmli Onurun valideyni Aytən Gülverdiyeva da vurğulayır ki, övladını çox tanınmış özəl mərkəzlərə aparsa da nəticə əldə edə bilməyib:

 

“Oğlum danışa, yemək yeyə bilmirdi, davranışlarında pozuntular var idi. Başqa bağçalar heç qəbul etmirdi. Övladımın 7 yaşı var və 4 yaşından buradadır. Bundan sonra bir müddət evdə təhsil alacaq. Belə bağçaların daha da çox olmasını istərdim”. 

 

Valideynlərlə söhbətimizi yekunlaşdırırıq. Bizim üçün bağçada iş bitir, ancaq əməkdar müəllimlər, təlimçilər üçün isə bu ümdə vəzifəyə müəyyən saat ara verilir. Onlar sabah yenidən öz işlərinin başında fidanlarını gözləyəcəklər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara hər gün yeni nəsə öyrətmək, onları həyata hazırlamaq üçün... Biz isə gələcəyimizi onlara və Tanrıya əmanət edərək xoş xatirələr və pozitiv aura ilə bağçadan ayrılırıq...

 

 


Firuzə Əliyeva
Fotolar: Anar Bayramlı


 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
15
sfera.az

6Mənbələr