Erməni diasporu və müxalifəti Azərbaycana qarşı daha bir həmləyə hazırlaşır.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi "Qarabağ xalqının haqlarının müdafiəsi" komissiyası yenidən Avropaya yola düşüb.
Oskanyanın Avropada ermənilərin Qarabağa qaytarılması üçün beynəlxalq zəmanətlər almağa çalışacağı vurğulanıb. Oskanyanla separatçı tör-töküntülər də gedib. Onu müşayiət edənlər arasında "Daşnaksütyun" Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, eyni partiyadan Mario Nalbandyan, keçmiş qondarma rejimin təmsilçisi Geqam Stepanyan, Serj Sarkisyanın partiyasından Karen Bekaryan da olub.
Qeyd edək ki, Oskanyan Paşinyan administrasiyasının əsas əleyhdarlarından biri sayılır. Onun Ermənistanla yanaşı diaspor daxilində kifayət qədər nüfuzu var. Keçmiş XİN rəhbəri bir çox hallarda diasporun adından danışmağa üstünlük verir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı müxalifətin Qarabağ məsələsini gündəmə gətirməsinə “4 min itki verməyə hazırsınızmı” sualı ilə cavab verib.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, erməni diasporunun və revanşistlərin dəstəklədiyi separatçı tör-töküntülərin aktivləşməsinin səbəbləri var.
Onun sözlərinə görə, kilsə, erməni lobbisi, radikal müxalifət və revanşistlər gördülər ki, Nikol Paşinyanı devirmək mümkün deyil:
"Etiraz aksiyaları Paşinyanı geri addım atmağa məcbur edə bilmədi. Paşinyan hökuməti Azərbaycanla sülh prosesini davam etdirməklə yanaşı, həm də Azərbaycanın suverenliyini Qarabağ üzərində tam tanıyır. Artıq Paşinyan üçün "Qarabağ məsələsi" yoxdur. Hətta İrəvan hökuməti özü etiraf edib ki, erməniləri Qarabağa qaytarmaq planları yoxdur. Qarabağdan gedən ermənilərə Ermənistanda vətəndaşlıq verilməsi də bu siyasətin tərkib hissəsidir. Artıq pasportların müəyyən hissəsi ermənilərə paylanılıb. Amma revanşistlər, "Qarabağ klanı"nın tör-töküntüləri bitmiş prosesi davam etdirmək niyyətindədirlər. Çünki diaspor təşkilatlarından bu məsələ üzərindən ciddi maliyyə dəstəyi alırdılar. Xaricdəki erməni diasporu da anti-Azərbaycan qüvvələrlə birlikdə fəaliyyət göstərirlər. Oskanyanlar və onun kimiləri Avropaya Azərbaycanı şikayət etmək üçün gediblər. Onlar hələ də ermənilərin Qarabağa qayıdacağı xülyası ilə yaşayırlar".
Samir Hümbətov: Oskanyanlar və onun kimiləri Avropaya Azərbaycanı şikayət etmək üçün gediblər
Həmsöhbətimiz vurğulayıb ki, Oskanyan diaspordan aldığı pulların "silinməsi" ilə məşğuldur:
"Guya Avropada ermənilər üçün mübarizə aparır, onların haqlarını müdafiə edir və s. Vaxtilə Azərbaycan dövləti öz ədalətli mövqeyi ortaya qoydu və ermənilərin Qarabağda qalmasına heç bir maneə yaradılmayacağını dedi. Təbii ki, bunun şərtləri var idi. Ermənilər Azərbaycan qanunlarını qəbul edərək, vətəndaşlıq alaraq həyatlarını davam etdirməli idilər. Əlbəttə, söhbət işğaldan sonra Livandan, Suriyadan, Fransadan və digər ərazilərdən Qarabağa gələn ermənilərdən getmir. İşğaldan əvvəl Qarabağda yaşamış mülki, heç bir suça bulaşmamış ermənilərdən gedirdi. Amma ermənilər tarixi fürsəti əldən buraxdılar və Qarabağı könüllü tərk etdilər. Ona görə də separatçı tör-töküntülərin son çırpınışlarının heç bir mənası, əhəmiyyəti yoxdur. Onların sülh prosesinə təsir etmək imkanları da sıfıra bərabərdir".
Aydın Baxış