AZ

“Azərbaycan təmiz enerji sahəsində əsas təşəbbüskar ölkəyə çevrilib”

Məlum olduğu kimi, Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti beynəlxalq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlük kimi, dövlət başçısının xarici siyasətdə ən böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Prezident İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi, Azərbaycan COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək: “Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyir ki, Azərbaycanda son illər ətraf mühitin mühafizəsi istiqamətində mühüm işlər görülür. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi ətraf mühitin qorunması istiqamətində görülən işlərin ən yaxşı göstəricisidir. Onun sözlərinə görə, bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycanda milli ekosistem qiymətləndirmələrinin artıq tamamlanmasıdır. Belə ki, bu qiymətləndirmələr çərçivəsində milli biomüxtəliflik fəaliyyət planının tezliklə qəbul olunacağı və 2030-cu ilə qədər aydın hədəflər göstəriləcəyi gözlənilir.

Ekspert qeyd edib ki, eyni zamanda ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi getdikcə artmaqda, bərk tullantıların idarə olunması sahəsində də çoxsaylı işlər görülməkdə, polietilen torbalardan, plastik məmulatlardan istifadə getdikcə məhdudlaşdırılmaqda, qanunvericilik aktları daim təkmilləşdirilməkdədir: “Bakı və Abşeron yarımadasında yaxın gələcəkdə istifadəyə veriləcək 2 böyük sutəmizləyici qurğunun işə salınması Xəzərin qorunmasına ölkə səviyyəsində verilən böyük əhəmiyyəti göstərir. Eynilə su ilə təminatda getdikcə alternativ su mənbələrindən istifadənin artırılması, Xəzərin suyunun duzsuzlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, su itkilərinin qarşısının alınması üçün torpaq kanalların bərpa olunması təqdirəlayiq işlər kimi qeyd olunmalıdır”.

Politoloq Şəbnəm Həsənovanın dediyinə görə, qlobal enerji bazarlarının transformasiyası sürətlə davam edir. İstehsal, istehlak və bu istiqamətdə qurulacaq şəbəkə də daxil olmaqla, hansı tərəfdən baxsaq, sabahın enerji sistemi indiki vəziyyətdən tamamilə fərqli görünməli olacaq. Proaktiv siyasət nümayiş etdirən Azərbaycan bu istiqamətdə də dünyaya töhfə verərək, arzu olunan inkişafı sürətləndirir və qlobal inkişaf səhvlərindən qaça biləcək yüksək keyfiyyətli mühit formalaşdırmağa kömək edir. Məsələnin aktuallığı həm də ondadır ki, Azərbaycan təkcə dövrümüzün deyil, istənilən zamanın və məkanın ən vacib məsələlərindən biri hesab etdiyi məsələ üzərində iş görür. O da məlumdur ki, heç bir problem bu günümüz və gələcəyimiz üçün iqlim dəyişikliyindən daha böyük təhlükə yaratmır. Azərbaycanın atdığı addımlar problemə dərin nikbinlik gətirir. Dövlətimiz sanki bərpaolunan enerjinin mühərriklərini hərəkətdə saxlayaraq böyük problemi həll etmək üçün ortaya güc, iradə, dinamizm və yaradıcılıq qoyur.

O bildirib ki, konvensional resurslara aludəlik planeti və milli təhlükəsizliyi daim təhdid altında saxlayır. Bu baxımdan problemi müşahidə etməklə kifayətlənməyərək, Azərbaycan təmiz enerji sahəsində də əsas təşəbbüskar ölkəyə, başlıca oyunçuya çevrilir. Atılacaq addımların uzaqgörənliklə və ssenari baxımından düşünülərək planlaşdırılması vacibdir. Ümummilli standartların ilkin mərhələsinin qlobal standartlara uyğunlaşdırılması Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə atdığı ən vacib addımdır. Azərbaycan bu gün özəl sektora investisiya və innovasiyaları stimullaşdırmaq üçün perspektivli yeni texnologiyalara sərmayə qoyur, nəticəsini də alır. Bununla “bərpaolunan enerjiyə keçməyin iqtisadi mənası yoxdur” kimi spekulyasialara da yer qoymur. Habelə, bu kimi proqressiv addımlar dövlətimizin nüfuzundan, xalqımızın şüurlu yanaşmasından xəbər verir ki, bunun da iqtisadi olmaqla, əlavə dividentlərini də gözardı etmək olmaz.

Politoloq qeyd edib ki, Şəbnəm Həsənova bildirib ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” konsepsiyası üzrə qurulur. Dövlətimizin başçısı çıxışı əsnasında BƏƏ-dən bir il sonra Azərbaycanın COP-a ev sahibliyi etməsini heç də təsadüf saymadı. Neft-qaz ehtiyatlarının mövcudluğunu isə hansı şəkildə istifadə etməyimizə görə dəyərləndirilmək çoxsaylı təzyiq və spekulyasiyalar fonunda yerində və zamanında deyilmiş fikir idi. Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı adlandırır. Azərbaycan təbii qazını alan səkkiz dövlətdən altısı Avropa ölkəsidirsə, deməli, biz həm coğrafiyanı genişləndirməyi bacarmışıq, həm də sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaş, etimad göstərilməli aktordur. Sözümüzün imzamız qədər dəyərli olması, bu sahə üzrə imzalanan müqavilələrin parlamentdə təsdiqlənməsi bundan xəbər verir. Dövlət başçısı haqlı olaraq bildirdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. Şübhəsiz ki, söhbət təkcə coğrafi sərhədləri aşmaqdan getmir, bu, həmçinin müxtəlif mədəniyyətləri, qanunları və qaydaları anlamaqdan da ibarətdir. Dövlətlər qlobal genişlənmə ilə gələn problemləri də başa düşməli və prosesi digər iştirakçılar, ən vacibi isə daha zəif bəndlər üçün daha hamar etmək üçün çalışmalıdır. Azərbaycan istər əldə etdiyi Zəfərlə daha zəif bölgələr üçün stimul qismində çıxış edir, istərsə də qlobal çağırışlara verdiyi töhfə ilə həmin xalqların taleyinin daha parlaq olmasına çalışır. Qısa zamanda böyük siyasət nəticəsində əldə edilən zəngin təcrübə bu xalqlar üçün yüksək təfərrüatlı təcrübə, düzgün həll variantları, genişlənmək istəyən nəhəng transmilli korporasiyalar üçün də düzgün istedad axtarışında olmaqla kiçik biznes və ya yeni imkanlar təqdim edir.

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsinə dair Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər 2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir: “Tətbiq edilən vergi güzəştləri ölkədə COP29 tədbirinin yüksək səviyyədə keçirilməsinə xidmət etməlidir. Belə ki, tədbirin keçirilməsi bir çox əlavə xərclərin olması deməkdir. Belə olduğu halda bu vergi güzəştləri şirkətlər və bazar iştirakçılarına öz xidmətlərini daha əlçatan şəkildə tətbiq etmək üçün şərait yaratmış olacaq. Eyni zamanda tədbirin miqyası kifayət qədər böyükdür və görüləcək işlər də çoxdur. Zaman da o qədər çox qalmayıb, ona görə də proseslərin sürətlənməsinə ehtiyac var. Bu güzəştlərin tətbiqi həmin xidmətlərin daha əlçatan olmasına şərait yaratmalıdır. Bu da bütünlükdə hazırlıq proseslərini sürətləndirməlidir. Ümumiyyətlə, təcrübədə belə hallara tez-tez rast gəlinir ki, bu tip böyük tədbirlər keçirilərkən müvafiq vergi güzəştləri tətbiq olunur. Bu tətbiqlər məhsulların əlçatanlığına, onların təminatı ilə bağlı sürətlənməyə, eyni zamanda hazırlıq prosesində iştirak edən qurumların fəaliyyətinin daha yüksək keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır”.

Sevinc QARAYEVA























Bizi Facebookda izləyin

Seçilən
245
525.az

1Mənbələr