COP29-a ev sahibliyinin Azərbaycana həvalə olunması ölkəmizə beynəlxalq səviyyədə verilən dəyərin bariz nümunəsidir.
Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan COP29-a sədrliyi çərçivəsində qlobal həmrəyliyin gücləndirilməsi barədə beynəlxalq təşkilatlar və müxtəlif ölkələrlə sıx danışıqlar aparmaqdadır.
"Biz COP-la bağlı BƏƏ və Braziliya ilə də sıx əməkdaşlıq edirik", - nazir müavini qeyd edib.
O vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycan atmosfer havasındakı zərərli qazların minimuma endirilməsi üçün qarşısına konkret məqsədlər qoyub. Eyni zamanda, 2030-cu ilə qədər həm işğaldan azad olunmuş ərazilər, həm də ölkənin digər yerlərində minlərlə hektar meşə sahələrinin bərpası nəzərdə tutulur.
"Azərbaycan meşə landşaftının bərpasını nəzərdə tutan beynəlxalq Bonn Çağırışına qoşularaq, 2030-cu ilədək 170 min hektar meşə ərazisini bərpa etməyi hədəf götürüb. Hazırda meşə ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə meşə əkinləri həyata keçirilir", - R.Hacıyev əlavə edib.