AZ

Türkiyə və Azərbaycan yeni təhdidlər qarşısında – Ankarada vacib müzakirə

“Ötən gün Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cumhur başqanı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş həm ikitərəfli maraq doğuran, həm də regional məsələlərin müzakirəsi baxımından olduqca məhsuldar oldu. Eyni gündə iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışıqlarının aparılması və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşməsi müzakirə olunan məsələlərin sayının çoxluğundan və ciddiliyindən xəbər verir. Ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq daim gücləndirilir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, dünyada proseslər o qədər sürətlə gedir ki, siyasi və iqtisadi reallıqlar tez-tez dəyişməli olur: “Bu mənada iki qardaş ölkənin siyasi rəhbərliyi bölgədəki mövcud durumla bağlı müxtəlif mövzuları müzakirə etməyə ehtiyac duyub. Cənubi Qafqaza artan böyük maraq ölkələrimizin öz fəaliyyətlərini birgə koordinasiya etməsini və birgə addımlamasını zəruri edir. Bakı-Qars dəmiryolu layihəsinin imkanlarının genişləndirilməsi, “Orta dəhliz”in reallaşdırılması, Ermənistanla münasibətlər, Zəngəzur dəhlizinin açılması kimi məsələlər əsas müzakirə olunan məsələlərdəndir. Liderlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri ilə bağlı fikir mübadiləsi aparıblar. Ərdoğan Ankaranın Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması prosesinin izləndiyini diqqətə çatdırıb. Həmçinin Türk Dövlətləri Təşkilatının fəaliyyətinin gücləndirilməsi də bu gün aktualdır. Türk dünyasının əsas flaqmanları olan Azərbaycan və Türkiyə bu təşkilatın genişlənməsində, regional güc mərkəzinə çevrilməsində maraqlıdırlar. Bakının Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin Şuşada qeyri-rəsmi zirvə görüşü keçirilməsi təşəbbüsü də Ankara tərəfindən isti qarşılanıb. Həmin zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı nəzərdə tutulub.

Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə Parlamentlərarası Dostluq Qrupunun yaradılması haqqında qərarı Ankarada müsbət qarşılanıb. Cənab Ərdoğan qeyd etdi ki, ŞKTR prezidenti Ersin Tatarın Türk Dövlətləri Təşkilatının iyulda Azərbyacanın Şuşa şəhərində keçiriləcək sammitinə dəvət olunması Kipr probleminin tənzimlənməsinə töhfə verəcək. Bakıda keçiriləcək COP29 tədbirinə Türkiyə Prezidenti şəxsən dəvət olunub. Görüşdə bu dəvət ona bir daha çatdırılıb. Türkiyə Prezidenti Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəyini bildirib.

Müzakirə olunan digər məsələ Qəzzadakı vəziyyət olub. Azərbaycan hər zaman paytaxt Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyib. İsraillə olan yaxşı münasibətlər fonunda Bakının belə bir cəsarətli mövqe ortaya qoyması həm ərəb ölkələri, həm də müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilib”.

Politoloq bildirdi ki, Cənubi Qafqazda sülh və sabitliyin qorunması Türkiyə-Azərbaycan münasibətlərindən asılıdır: “Gürcüstan və Ermənistanda hökumət əleyhinə davamlı aksiyalar keçirilməsi bu ölkələrdə siyasi sabitliyin kövrəkliyini göstərir. Rusiya-Ukrayna müharibəsi də regionumuzdakı sülhü təhdid edir. İndiki məqamda gücdən düşən ölkələr Türkiyə və Azərbaycanın dəstəyini əldə etməyə çalışırlar. İki qardaş ölkə bu fürsəti dəyərləndirməli və yaranan tarixi imkanlardan maksimum istifadə etməlidirlər. Kremlin zəifləməsindən istəyən Qərb qüvvələri Cənubi Qafqazdakı boşluğu doldurmaq istəyirlər. Təbii ki, Türkiyə və Azərbaycan kənar aktorların regionumuzda kök salmasına, sabitliyi pozmasına, güc balansını dəyişməsinə imkan verə bilməzlər. Azərbaycan və Türkiyə prezidentlərinin Ankara görüşündə bu kimi məsələlərin də müzakirə edildiyi istisna deyil. Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə inkişaf edir və bütün dünyaya nümunədir. Regional və qlobal təhdidlərə qarşı birgə mübarizə aparırıq. Azərbaycan ordusu Türkiyə hərbi modelinə uyğunlaşıb. Komondo tipli hərbi hissələr yaradılıb. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra ən müasir silahları alaraq istismara verib. 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri zamanı bir sutka ərzində Azərbaycanın uğurlu antiterror tədbirlərini həyata keçirməsi və seperatizmin kökünü tamamilə kəsməsi aparılan ordu quruculuğunun effektivliyinin təsdiqidir. Türkiyə-Azərbaycan münasibətlərində Qars müqaviləsi kimi, Şuşa bəyannaməsi də strateji əhəmiyyət kəsb edir. Ölkələrimiz bütün beynəlxalq platformalarda qlobal və yerli səviyyədə həyata keçirilən layihələrdə birgə addımlayırlar. Şuşa bəyannaməsi ilə strateji müttfiqliyi rəsmən elan olunan Azərbaycan və Türkiyə hədəfələrə doğru birgə addımlamalı, təhdidlərin qarşısını birlikdə almalıdırlar”.


Müəllif: Teleqraf.com
Seçilən
232
22
teleqraf.com

10Mənbələr