AZ

Sabiq nazirin məhkəməsində şahid: "Bildirdi ki, onlarla işləmək istəyirəmsə, 10 faizi verməliyəm"

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahidlər ifadələrində bildiriblər ki, gömrük keçid məntəqələrində təyin olunan proqramlar vasitəsilə pullar yığılıb və bunun müqabilində çeklər verilib. Pullar Naxçıvanda gətirilən malların müqabilində şirkətlərdən, eyni zamanda vətəndaşlardan alınıb. Naxçıvan şəhər gömrüyündə ay ərzində toplanan 800 min - 1 milyon manat maliyyəçilərə verilib. Onlar da öz növbələrində pulları komitədə əvvəlcə Rafael Əliyevə, daha sonra isə Mənsur Əsgərova veriblər. Pullar isə gömrüklərdən manat və dollarla yığılıb. Şahidlər qeyd edib ki, gömrükdə çalışdıqları vaxt əməkhaqqından əlavə olaraq 400-500 manat paket alıblar.

Məhkəmədə şahidlər vurğulayıb ki, Rafael Əliyev maliyyə naziri işlədiyi dönəmdə onların hesabına köçən pulun 10 faizini alıb:

"Rafael Əliyevin yanında oldum, dedi ki, dövlət idarələrindən mağazaya köçən vəsaitin 10 faizini nazirliyə verməliyəm. Bildirdi ki, əgər onlarla işləmək istəyirəmsə, 10 faizi gətirib verməliyəm. Hər ay 1500-2500 manat aparıb verirdim. Verməsəydim, heç kim gəlib mal almayacaqdı".

Digər şahidlər də bildiriblər ki, dəftərxana ləvazimatları, həmçinin avtomobil ehtiyat hissələrini dövlət idarələrinə satdıqları halda, hesablarına köçürülən 10 faizləri sənədlərlə birgə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinədar şöbəsinin müdiri Nurlan Hacıyevə veriblər.
Rafael Əliyev 10 faizləri almaq tapşırığını verdiyini təsdiqləyib:

"Onu da deyim ki, Ali Məclisdən tapşırılmışdı ki, bütün dövlət idarələri dəftərxana ləvazimatları "Əcəmi" Nəşriyyatından alınsın".

Məhkəmə prosesi iyunun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

Bizim.Media

 
Seçilən
187
9
bizim.media

10Mənbələr