AZ

“TuranBank” 32 yaşını qeyd edir

1992-ci ildə fəaliyyətə başlayan, Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan TuranBank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin böyük maliyyə qurumlarından birinə çevrilib.

Fəaliyyətinin 32-ci ilini qeyd edən Bank bu illər ərzində bir çox uğurlara imza atmış, xüsusilə kiçik və orta sahibkarlara dəstək olmaqla ölkədə özəl sektorun inkişafına öz töhfəsini verib, rəqəmsal bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini təmin etmişdir. Fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan TuranBank bu illər ərzində öz maliyyə sabitliyini qoruyub saxlayıb, biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini daha da gücləndirmişdir. Həmçinin 800-ə yaxın əməkdaşı ilə 22 satış nöqtəsində 150 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə müvəffəq olmuş və əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.

Fəaliyyət göstərdiyi müddətdə Bank rəqəmsallaşmanın imkanlarından daha çox yararlanmağa çalışaraq xidmət səviyyəsini yüksəltmək məqsədilə mühüm dəyişikliklər həyata keçirmiş və hazırda yenilənmiş İnternet bankçılıq sistemi, bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil tətbiqi ilə müştərilərinə rahat və məsafədən bank xidmətləri göstərməklə dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi müştərilərin rəğbətini qazanıb.

TuranBank 32 illik fəaliyyəti ərzində daim real sektora dəstək olmuş, sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını genişləndirərək ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini vermişdir. Ötən illər ərzində  Bank yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu (SİF), Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), İpoteka Krediti Zəmanət Fondu (İKZF), həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf  Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), EMF Mikromaliyyə Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Asiya İnkişaf Bankı (AİB), Incofin İnvestisiya Fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olub.

32 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, özünəməşğulluq proqramı çərçivəsində işsiz şəxslərə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazi və şəhidlərimizin ailələrinə dəstək olub. Eyni zamanda, qeyd edilən istiqamətdə olan işlərin davamı olaraq, "YAŞAT" Fondu, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edilmişdir. Təsadüfi deyil ki, Bank ardıcıl 4 ildir ki, Azərbaycan Banklar Assosiasiyası tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür. TuranBank bundan sonra da ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirən qazilərimizin və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

TuranBank adından 32 il ərzində qazanılmış uğurlarda payı olan hər kəsə dərin təşəkkür edir və həyata keçirdiyi hər bir layihədə müştəri və tərəfdaşlarının keyfiyyət gözləntilərini aşacağına əminliyimizi bildiririk.

Çünki adı güvən, imzası etibar yaradır!  

 32 ildir ki, etibarlı tərəfdaşınız olmaqdan qürur duyuruq!

“TuranBank”

Bizimlə etibarlıdır... 

Seçilən
221
6
qafqazinfo.az

7Mənbələr