BMT-nin Baş katibi Antonio Quterreşin 2023-cü ilin məlumatlarını özündə əks etdirən və hələ ictimaiyyətə açıqlanmayan “Uşaqlar və Silahlı Münaqişə Hesabatı” yayılıb.
News24.az NTV-yə istinadən xəbər verir ki, münaqişələrdə uşaqlara qarşı zorakılığın 2023-cü ildə dəhşətli həddə çatdığı bildirilən hesabatda "Münaqişələrdə uşaqlara qarşı ciddi pozuntular 2023-cü ildə 21 faiz artıb" deyilir.
Uşaqların ölümünə və yaralanmasına səbəb olan hadisələrin əvvəlki ilə nisbətən 35 faiz artdığı vurğulanan hesabatda, "2023-cü ildə uşaqlara qarşı 32 min 990 ciddi pozuntu qeydə alınıb".
Hesabatda qeyd olunur ki, 2023-cü ildə 5 min 301 uşaq öldürülüb, 6 min 348 uşaq yaralanıb, 8 min 655 uşaq silahlı birləşmələr sıralarına cəlb edilib. 5 min 205 uşağın humanitar yardıma çatmasının qarşısı alınıb. 2 min 491 uşağın silahlı qruplarla əlaqəsi səbəbiylə həbs olunduğu, 4 min 356 uşağın isə qaçırıldığı bildirilib.
İSRAİL ORDUSU İLK DƏFƏ SİYAHIDADIR
Hesabatda Qəzzada baş verən son hadisələrə uyğun olaraq İsrail və işğal olunmuş Fələstin torpaqlarında uşaqlara qarşı ciddi pozuntuların 155% artdığı, bu çərçivədə 8 min 9 ciddi pozuntu faktının qeydə alındığı qeyd edilib. Bu pozuntular 4 min 360 uşağa qarşı baş verərkən, onlardan 113-nün İsrail, 4 min 247-nin isə fələstinli uşaq olduğu qeyd edilib.
Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 4 min 247 fələstinli uşağa qarşı 7 min 837 qanun pozuntusunun olduğu, pozuntuların İsrail ordusu və İsrail məskunlaşmaçıları tərəfindən törədildiyi bildirilib.
Xəbərdə İsrailin 906 fələstinli uşağı həbs etdiyi və uşaqların pis rəftar və cinsi təcavüzə məruz qaldığı barədə BMT-nin məlumat aldığı qeyd edilib.
Həmçinin qeyd olunub ki, İsrail ordusu Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə uşaqların humanitar yardıma çatmasına mane olub.
Hesabatda BMT-nin baş katibi Antonio Quterreşin də qiymətləndirmələri yer alıb.
Günel Məlikzadə