AZ

Dünya Bankı Azərbaycanın real ÜDM artımı üzrə proqnozları gözdən keçirib

2024-cü ildə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) real artımının 2,3 faiz olacağı, sonra isə 2025-ci ildə 2,4 faizə çatacağı gözlənilir.

Day.Az bu barədə Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" (Global Economic Prospects) adlı hesabatının iyun ayı buraxılışına istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, yanvar hesabatında Azərbaycanda real ÜDM artımı 2024 və 2025-ci illər üzrə müvafiq olaraq 2,4 və 2,5 faiz olaraq gözlənilirdi.

Dünya Bankı bu göstəricinin 2026-cı ildə də 2,4 faiz səviyyəsində dəyişməz qalacağını gözləyir.

Bütünlükdə Cənubi Qafqazda artımın 2024-2026-cı illər ərzində ildə təqribən 3,5 faiz səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır. Azərbaycanda 2023-cü ildə əhəmiyyətli dərəcədə azalan karbohidrogen ixracının müəyyən qədər bərpası sayəsində artım kontekstində canlanmanın olacağı gözlənilir. Eyni zamanda, Ermənistan və Gürcüstanda iqtisadi artımın ləngiyəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ilin yanvar-aprel aylarında ölkədə ÜDM 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artaraq 38 milyard 181 milyon manata çatıb.

2024-cü ilin hesabat dövründə 2023-cü ilin analoji dövrü ilə müqayisədə qeyri-neft sektorunda əlavə edilmi. dəyər 7,7 faiz, neft-qaz sektorunda isə 0,1 faiz artıb.

Qeyd olunan dövrdə ÜDM-in strukturunda sənayenin payı 40,3 faiz olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ÜDM-in strukturunda 9,5 faiz nəqliyyat vasitələrinin ticarəti və təmirinin, 6,9 faiz nəqliyyat və anbar təsərrüfatının, 6 faiz tikintinin, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,4 faiz - turizm sektorunun, 1,7 faiz informasiya və rabitə sahəsinin payına düşür. ÜDM-in 20 faizi iqtisadiyyatın digər sahələrinin payına düşür.

Seçilən
121
1
day.az

2Mənbələr