AZ

Bakıda 24 yaşlı oğlan tanışını bıçaqladı— TƏFƏRRÜAT

Bakının Qaradağ rayonunda 2000-cı il təvəllüdlü Sənan qonşusu Ələmdara bıçaqla xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 6 avqust 2023-ci ildə, saat 22:30-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi 43 saylı binanın qarşısında baş verib. 

Sənan qonşusu Ələmdarın ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəmnində yaranmış münaqişə zamanı üzərində olan cib bıçağı ilə qəsdən onun qarın nahiyəsinə bir dəfə zərbə vurub. 

Hadisəni törədən Sənanın barəsində Cinayət Məcəlləsinin  126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Ələmdarı uşaqlıqdan tanıyır: “Ələmdar məndən 10-12 yaş böyükdür, mənimlə eyni məhlədə qonşuluqda qalır. Əvvəllər aramızda normal münasibət olub. Heç bir düşmənçilik və ya ədavət olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib kli, avqustun 6-da, axşam saat təxminən 22 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində olarkən Ələmdar mobil telefonuna zəng vurub və onunla zarafat etməyə başlayıb: “Ələmdarın səsindən özündə olmadığını, yəni sərxoş olduğunu hiss etdim. Ələmdar telefonda danışan zaman zarafat kimi nalayiq söyüşlərlə məni təhqir edirdi. Lakin Ələmdar özü də bilirdi ki, heç bir zaman söyüşlə zarafat etməmişəm. Telefonda Ələmdara dedim ki, danışığına fikir ver, mən kiminləsə söyüşlə zarafat etməmişəm. Lakin Ələmdar cavab olaraq bildirdi ki, ürəyim istədiyi şəxslə söyüşlə danışıram. Ələmdarın bu sözümdən sonra harada olduğunu soruşdum. Ələmdar yaşadığımız məhəllədə olduğumu dedi. Ələmdarın hansı səbəbdən ünvanıma nalayiq söyüşlər söyməsinin səbəbini aydınlaşdırmaq məqsədi ilə onunla görüşmək qərarına gəldim. Ələmdara məni yaşadığımız binanın qarşısında gözləməyini dedim”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, idarə etdiyi “Hyundai” markalı avtomobilinə əyləşib və məhləyə, yəni Ələmdarın yaşadığı binanın qarşısına gedib: “Ora çatdıqda Ələmdarın binanın qarşısında dayandığını gördüm. Ələmdar fiziki cəhətdən məndən böyük və iri olduğu üçün avtomobilində olan cib bıçağını da özüm ilə götürdüm. Avtomobildən düşüb Ələmdarla binanın işıq düşməyən qaranlıq tərəfində görüşdüm. Ələmdara mənimlə nə problemi olduğunu, fikrinin nə olduğunu soruşdum. Ələmdar yenə məni nalayiq söyüşlər söydü. Bundan sonra üzərimdə olan bıçaqla Ələmdarın qarın nahiyəsindən bir dəfə vurdum. Vurandan sonra avtomobilimə əyləşdim, Ələmdar da avtomobilimə əyləşmək istədi. Mən yenidən aramızda mübahisə yaranacağından ehtiyat edib ona avtomobilə minməyə icazə vermədim və evə getdim. Ələmdar da yaşadığı evə tərəf getdi”.

Sənan bildirib ki, növbəti gün Ələmdarı bıçaqla vurduğuna görə artıq həmin cinayət hadisəsini polis əməkdaşları araşdırdığını öyrənib: “Bu səbəbdən 10-cu Polis Şöbəsinə getdim və Ələmdarı vurduğum bıçağı da təqdim edərək təslim oldum. Ələmdarı bir dəfə qarın nahiyəsindən bıçaqla vurmuşam. Ələmdarı bıçaqla bir dəfə vurduqdan sonra onu yenə də vurmaq imkanım olub. Ələmdarı öldürmək niyyətim olmayıb. Niyyətim söyüş söydüyünə görə cəzalandırmaq olub. Daha sonra Ələmdarı bıçaqla vurmağıma şəraitin olmasına baxmayaraq təkrarən onu vurmamışam. Hadisəni kənar şəxslərdən heç kim görməyib. Hadisə zamanı Ələmdarla məndən başqa heç kimin olmayıb. Ələmdarla düşmənçilik və ya ədavətim olmayıb”.

İş üzrə zərərçəkmiş Ələmdarınm sözlərinə görə, Sənanla eyni məhlədə qalır, onu uzun müddətdir ki, tanıyır: “Aramızda dostluq münasibəti olub, düşmənçilik və ya ədavətimiz olmayıb. Avqustun 6-da, saat təxminən 22 radələrində işdən qayıdarkən yaşadığım binanın qarşısında durub hal-əhval tutmaq üçün Sənana zəng vurdum. Sənandan nə etdiyini, nə üçün görsənmədiyini soruşdum və bir qədər söyüşlə zarafat etdim. Lakin Sənan əsəbi olduğu üçün zarafatı düzgün qəbul etmədi və aramızda mübahisə düşdü. Bundan sonra Sənan yaşadığım binanın qarşısına gəldi. Sənan əsəbi olduğu üçün gələn kimi mənə “sən bilmirsən mənim heç kimlə söyüş zarafatım yoxdur” sözlərini dedi. Mən də Sənana daha əvvəl də zarafat etdiyimi, ondan 12-13 yaş böyük olduğumu, nahaq yerə mübahisə etdiyini bildirdim. Lakin Sənan yenidən heç kim onunla söyüşlə zarafat etmədiyini deyəndə, yenidən Sənanı zaraftyana söydüm”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra Sənanla əlbəyaxa olub: “Münaqişə zamanı Sənan qəflətən bıçaq çıxardaraq qarın nahiyəmdən bir dəfə vurdu. Sənan məni bıçaqla vurandan sonra kənarlaşdı və avtomobilinə əyləşdi. Mən isə Sənanın avtomobilinə yaxınlaşaraq əyləşmək istəsəm də, Sənan buna imkan vermədi. Sonra Sənan yaşadığı evə getdi. Mən də öz yaşadığım evə getdim. Evdə olan zaman özümü yaxşı hiss etmədiyimdən təcili yardıma zəng vurdum. Həkimlər yarama baxdıqdan sonra məni xəstəxanaya apardılar. Orada əməliyyat olundum”. 

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sənanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
219
1
demokrat.az

2Mənbələr