AZ

Sertifikatlaşdırma imtahanlarından kəsilən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - Nazir AÇIQLADI

"Sertifikatlaşdırma məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 90%-nin əməkhaqqısının artmasıdır, yəni bu proses 90% müəllimə müsbət təsir edir. Ötənilki sertifikatlaşdırma imtahanından fərqli olaraq, bu il riyaziyyat və xarici dil fənləri də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80%-nin əməkhaqqısı əlavələrlə birlikdə ya 10, ya da 35% artacaq. Sertifikatlaşdırmanın bu tərəfini unutmaq olmaz".

Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "report"a müsahibəsində deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırma imtahanında iştirak edən hər beş müəllimdən biri kəsilir, yəni hər beş müəllimdən biri 50 baldan yuxarı, üçü 30-50 bal, biri isə uğur qazana bilmir:

"Əgər müəllim ona verilən iki şansda uğur qazanmayıb nailiyyət əldə edə bilmirsə, bunun ağrılı və acılı olmasını anlayırıq. Təbii ki, həmin şəxslərlə imzalanan əmək müqaviləsinə qürur hissi ilə xitam vermirik. Anlayırıq ki, bu, ayrı-ayrı insanların sosial həyatına mənfi təsir edən qərardır. Lakin onu da başa düşməliyik ki, ölkəmizin gələcəyinin inkişafı naminə bu addım nə vaxtsa atılmalıdır. Yəni nə qədər gec addım atılacaqsa, bu bir o qədər daha ağrılı olacaq. Ona görə də bu addımı daha tez atmaq məsləhətdir. İnandığımız ondan ibarətdir ki, müəyyən faiz müəllimlər üçün keçirilən təlimlərin nəticələri əvvəlkilərə görə müsbət nəticə verəcək.

Yəqin ki, ötən il olduğu kimi, bu il də sertifikatlaşdırma imtahanlarında uğur qazana bilməyən müəyyən sayda müəllimin əmək müqaviləsinə xitam verməli olacağıq. Həmin təhsilverənlərlə bağlı yanaşmamız ondan ibarətdir ki, bu addım daha kiçik sayda qrupun sosial problemi deməkdir, nəinki qrupun gələcəkdə yarada biləcəyi fəsadların böyüklüyü. Nəzərə almaq lazımdır ki, bir müəllim öz fəaliyyəti dövründə təxminən 300-500 aralığında şagirdə dərs keçir. Ona görə də peşəkarlıq səviyyəsi yerində olmayan adam məktəbdə olduğu dövrdə təxminən özündən 500 dəfə daha çox problem yaradır. Bunun qarşısını nə qədər tez ala biliriksə, o qədər düz iş görürük deyə fikirləşirəm. Həmin insanların sosial problemlərini də anlayırıq. Bu nöqteyi-nəzərdən onların tədrisə cəlb olunmadan sosial pedaqoq kimi təlim-tərbiyə prosesinin təşkili, şagirdlərin davranışına nəzarət işi ilə məşğul olmaları təmin edilir və bu işlər olduqca vacibdir".

Sertifikatlaşdırma imtahanında uğur qazanmayan müəllimlərin gələcəkdə aktiv tədris prosesində iştirakı məsələsinə gəlincə, Emin Əmrullayev bildirib ki, müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında iştirak səlahiyyətləri onların əlindən alınmır.

"MİQ-də iştirak edib digər insanlarla müqayisədə daha yüksək nəticə əldə etsələr, təbii ki, onların məktəbə qayıtmaq şansı və hüququ var. Lakin təcrübəyə əsasən demək olar ki, təhsilverən 15-20 il işləyəndən sonra sadə imtahandan keçmirsə, sertifikatlaşdırma imtahanında ona verilən iki şansda da uğur qazanmırsa, ehtimal böyükdür ki, bu insanların böyük əksəriyyəti aktiv tədrisə qayıtmayacaq.

Bu il də təkrar sertifikatlaşdırma prosesində uğur qazanmayan təhsilverənlərin ailə tərkibi və sosial vəziyyəti kimi məsələlərə baxılması məqsədilə yerli təhsili idarəetmə orqanlarında komissiyalar yaradılacaq: Komissiyalar tərəfindən sözügedən məsələlərlə bağlı müraciətlər araşdırılacaq və həmin təhsilverənlərin digər vəzifələrdə işlə təmin olunması məsələsinə baxılacaq. Sertifikatlaşdırma qaydasında da qeyd edildiyi kimi, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi ləğv edilir", - deyə nazir qeyd edib.

Seçilən
158
50
redaktor.az

10Mənbələr