Xəbər verildiyi kimi, ötən gün Zərdab Rayon Mərkəzi Xəstəxanasında pasiyentə qan tapılmayıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən verrilən məlumata görə, xəstə rezus mənfi bir qan qrupuna mənsubdur və bunun üçün Qan Bankına müraciət olunub.
Ümumiyyətlə zaman-zaman bölgə xəstəxanalarımızda qan ehtiyatı ilə bağlı ictimaiyyətdə və sosial şəbəkələrdə şikayətlərə rast gəlinir. Problemlə üzləşənlərin dediyinə görə bölgə xəstəxanalarında qan ehtiyatı olmadığı üçün xəstə sahibi Bakıya, ya Mərkəzi Qan Bankına, ya da digər xəstəxanalara yönləndirilir. Qanla bağlı müraciət edənlərə isə çox hallarda Mərkəzi Qan Bankında qan olmadığı bildirilir. Bu günlərdə buna bənzər nümunə Şamaxıdan Bakıya göndərilən xəstə ilə bağlı yaşanmışdı.
Maraqlıdır, bölgə xəstəxanalarımızda niyə qan ehtiyatımız yoxdur?
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Zərdab Rayon Mərkəzi Xəstəxanasında və o cümlədən digər region xəstəxanalarında qan təminatı ilə bağlı hər hansı çatışmazlıq müşahidə olunmur. Qana ehtiyac yarandığı təqdirdə, Mərkəzi Qan Bankına müraciət edilir və tələb olunan qan əldə edilir.
Qan Bankında qan ehtiyatı nə qədərdir?
Mərkəzi Qan Bankından isə onlarda kifayət qədər qan ehtiyatı olduğu bildirilib:
“Lakin bilirsiniz ki, qana daima ehtiyac yaranır. Qanın istifadə müddəti var. Belə ki, 1 vahid qan maksimum 42 gün ərzində istifadə olunur. Buna görə də, mütəmadi olaraq könüllü qan donorlarına ehtiyac olur”.
Qanın xəstəyə tədarükünün ödənişli və ya ödənişsiz olması məsələsinə gəlincə isə, Mərkəzi Qan Bankından belə cavab verilib:
“Qanlar ödənişsizdir. Qanlar bütün xəstəxanalara tam təmənnasız şəkildə verilir və qan donorluğu ölkəmizdə könüllü prinsipi əsasında həyata keçirilir. Xəstəxanalardan rəsmi imzalı, möhürlü tələbnamə tibb işçisi tərəfindən gətirilir, Mərkəzi Qan Bankına təqdim olunur və bu sənədə əsasən qan komponenti xəstəxanalara təqdim edilir. Hər xəstəxananın öz tələbatı mövcuddur və xəstəxanadan asılı olaraq ora nə qədər qan göndərilməsi məsələsi dəyişir”.
Nuranə Daxilqızı, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta