Almaniyanın “Sankt-Pauli” komandasının gənc baş məşqçisi Fabian Hürtseler bundan sonra “Brayton”a rəhbərlik edəcək.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.
31 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub. Bununla da Hürtseler İngiltərə Premyer Liqası tarixinə ən gənc baş məşqçi kimi düşüb.
Fabian Hürtseler 2022-ci ilin dekabr ayından “Sankt-Pauli”yə rəhbərlik edirdi. O, əvvəllər köməkçi-məşqçi kimi də çalışdığı bu klubun əsas komandasını 55 oyuna çıxarıb, 36 qələbə, 11 heç-heçə və 8 məğlubiyyət görüb.
Hürtseler “Brayton”da 2023/2024 mövsümü bitən kimi klubdan ayrılmağa qərar vermiş Roberto De Zerbini əvəz edib. İtalyan mütəxəssis bu komandanın sükanı arxasına 2022-ci ilin sentyabrında keçmişdi. 45 yaşlı məşçqinin “qağayılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər hesablanmışdı. Lakin o, klubdan bu müqaviləyə xitam verilməsini istəmişdi.
De Zerbi “Brayton”u 89 oyuna çıxarıb, 38 qələbə, 20 heç-heçə və 31 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qağayılar” 161 qol vurublar, 139 qol buraxıblar.
İngiltərə Premyer Liqasının 2023/2024 mövsümündə 48 xal toplamış “Brayton” 11-ci olub.