AZ

Bakı ABŞ-ın planından xəbərdardır – Paşinyana nə məsləhət görüldü?

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Ermənistana səfəri başa çatar çatmaz, ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Vermanın iyunun 17-də Ermənistana səfər edəcəyi xəbəri yayıldı.

Bu səfərlərə Bakının rəyi, münasibəti necədir? İlk baxışdan sükutla qarşılanır. Proses bizim xeyrimizə gedir, ona görə?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Amerika Birləşmiş Ştatlarının yüksək rütbəli məmurlarının Ermənistana səfərləri intensivləşib:

“Bu səfərlərin dinamikası göstərir ki, Ermənistanın Rusiyadan uzaqlaşması, Qərbə meyl etməsi yeni mərhələyə daxil olur. Ermənistan Baş naziri Nikol Paşinyan səfərlər kontekstində dəfələrlə bəyan edib ki, ölkəsi KTMT-dən defakto çıxıb, bunu deyure etmək qalır. KTMT-ni maliyyələşdirməkdən imtina edir. 2023-cü ilin noyabrında təşkilatın sammitində iştirak da etmədi.

Elman Nəsirov

Ceyms Obrayenin İrəvana səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, strateji tərəfdaşlıq uğrunda komissiyanın yaradılması razılaşdırılıb. 5 aprel Brüssel razılaşmasından irəli gələn vəzifələr praktiki həllini tapmağa başlayır”.

Deputatın sözlərinə görə, rəsmi Moskva gözləmə mövqeyindədir:

“Kreml prosesi elə də ciddiyə almır. Rusiyanın hazırda iki əsas problemi var ki, indi onun həlli ilə məşğuldur. Birincisi, Ukrayna ilə müharibə kontekstində Rusiyanın maraqlarının təmin edilməsi, ikincisi, kollektiv Qərbə qarşı əks qütbün formalaşdırılması.

Azərbaycan da prosesləri diqqətlə izləyir. Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin işə salınması bizim əsas məramımızdır. Fransa prezidenti Emmanuel Makron kimi Nikol Paşinyana yanlış tövsiyyələrin verilməsi qəbuledilməzdir”.

Politoloq Elxan Şahinoğlu isə məsələyə belə münasibət bildirib:

Elxan Şahinoğlu

“ABŞ rəsmilərinin, diplomatların Ermənistana səfərlərindən narahat olmağa dəyməz. Bunun Azərbaycana ziyanı olmaz. Amerika Fransa deyil. Rəsmi Paris ermənipərəst mövqedən çıxış edir, Azərbaycana qarşı siyasət yürüdür. ABŞ-da isə vəziyyət fərqlidir. Erməni lobbisinin gücü olsa da icra qurumları, dövlət aparatı rəsmi Bakı ilə əməkdaşlığa əhəmiyyət verir. Anlayırlar ki, Azərbaycanla əməkdaşlıq etmədən Cənubi Qafqazda möhkəmlənmək olmaz.

ABŞ rəsmilərinin son səfərləri nəticəsində Nikol Paşinyana Azərbaycanla sülh sazişinin imzalanması prosesini sürətləndirməyi məsləhət gördüklərini düşünürəm. Həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması və Ermənistanın da bundan istifadə etməsini istəyirlər. Məhz buna görə Azərbaycan rəsmiləri Ermənistana artan səfərlərə reaksiya vermirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
turkustan.az

10Mənbələr