İtaliyanın keçmiş Baş Qərargah rəisi evində ölü tapılıb.
Keçmiş Baş Qərargah rəisi, İtaliyanın “Fincantieri” müdafiə şirkətinin prezidenti Qratsiano evində ölü tapılıb. Həyat yoldaşının ölümünə dözməyən Qratsianonun intihar edə biləcəyi bildirilir.
70 yaşlı Qratsianonun ölüm xəbərindən sonra İtaliyanın dövlət şirkəti “Fincantieri”nin səhmləri dəyərini itirib.
Baş nazir Giorgia Meloni sosial media hesablarında yayımladığı mesajında bildirib ki, “General Claudio Qratsianonun faciəvi ölüm xəbərindən şok oldum. Ömrü boyu özünü silahlı qüvvələrə və dövlət qurumlarına həsr etmiş dövlət qulluqçusu öz peşəkarlığı ilə şərəf gətirdi. Öz adımdan və hökumətim adından ailəsinə və yaxınlarına başsağlığı verirəm”.
Ordunun aparıcı zabitlərindən biri kimi qəbul edilən Qratsiano əvvəllər İtaliya ordusunun Livan, Əfqanıstan və İraqda iştirak etdiyi müxtəlif beynəlxalq missiyalarda xidmət edib.
2011-2015-ci illərdə İtaliya Quru Qoşunlarının komandanı vəzifəsini icra edən Qratsiano 2015-2018-ci illərdə Baş Qərargah rəisi olub. Qratsiano 2018-2022-ci illərdə Aİ Hərbi Komitəsinin sədri vəzifəsində çalışıb.