Türkiyənin Xarici işlər naziri Hakan Fidanın Çinə son səfəri Avrasiyanın dəyişən strategiya mühitində Türkiyənin xarici siyasətinin təkamülündə əhəmiyyətli mərhələ oldu. Bu səfər mühüm müzakirələri və xarici siyasətə potensial təsirləri vurğulayır, çünki Türkiyə strateji tərəfdaşlıqlarını balanslaşdırmaq və təsirini artırmaq məqsədi daşıyır.
Çinə səfəri zamanı Türkiyənin Xarici işlər naziri çinli həmkarı və heyətilə geniş tərkibdə görüşlər keçirib, bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə ilə Çin arasında ikitərəfli münasibətlərin əsas aspekti bu ölkələrin praqmatik xarici siyasət istiqamətləridir. Ardıcıl olaraq “tək Çin” prinsipinə sadiq qalan Türkiyə Çinin ərazi bütövlüyünün vacibliyini vurğulayıb. Eynilə, Çin də rəsmi Ankara ilə diplomatik və iqtisadi münasibətlərinə son dərəcə praqmatik prizmadan yanaşır. Hakan Fidanın səfəri Türkiyənin Çinlə münasibətlərində bu praqmatik yanaşmanı bariz göstərir.
...Çinlə əlaqə Türkiyənin “Yenidən Asiya” təşəbbüsünə daha geniş strateji baxışının bir hissəsidir. Bu siyasət dəyişikliyi bir neçə əsas amillə bağlıdır.
Birincisi, Türkiyə qlobal siyasətdə geostrateji mövqeyini dəyişmək istəyir. Qlobal güc dinamikası Asiyaya doğru dəyişdikcə, Türkiyə özünü bu yeni formalaşan coğrafiyada strateji müttəfiq kimi görmək istəyir. Çinlə əlaqələrin gücləndirilməsi bu istiqamətləndirmənin təbii davamıdır və Türkiyəyə strateji coğrafi mövqeyindən faydalanmağa imkan verir. Bu yeni siyasət istiqaməti həm də Türkiyənin beynəlxalq siyasətdə “muxtariyyət axtarışı”na və onun Qərb müttəfiqləri ilə münasibətlərində yeni tendensiyaya işarə edir. Türkiyə xarici siyasətinə və geosiyasi strategiyasına Asiyanın yüksəlişini qiymətləndirmək üçün yenidən baxır.
Türkiyənin Çinə baxışının arxasında duran ikinci hərəkətverici amil onun kommersiya dövlətinə əsaslanan xarici siyasət yanaşmasının əsasını təşkil edən iqtisadi diversi fikasiya siyasətidir. İqtisadi dəyişkənlik və davamlı böyümə ehtiyacı ilə üzləşən Türkiyə iqtisadi tərəfdaşlıqlarını şaxələndirməyə çalışır. Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinlə əlaqələr qurmaq ticarət, investisiya və texnoloji əməkdaşlıq üçün əhəmiyyətli imkanlar təqdim edir.
Üçüncü amil Türkiyənin regional təsirini artırmaq məqsədidir. Türkiyənin Çinlə fəal əlaqəsi Mərkəzi Asiya və Yaxın Şərqdə öz təsirini artırmaq üçün strateji addımdır. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə uyğunlaşaraq Türkiyə regional əlaqə və iqtisadi inkişafda mühüm rol oynaya və bununla da öz geosiyasi nüfuzunu gücləndirə bilər.
Bundan əlavə, Türkiyənin son xarici siyasətinin təməl daşlarından biri olan diplomatik tarazlıq aktı onun Çin və Asiya-Sakit okean regionuna baxışını formalaşdırır. Getdikcə çoxqütblü bir dünyada Türkiyənin xarici siyasəti ənənəvi Qərb ittifaqları ilə Asiyada yeni tərəfdaşlıqlar arasında tarazlıq yaratmağa çalışır. Bu yanaşma Türkiyəyə öz milli maraqlarını və regional strategiyalarını həyata keçirərkən mürəkkəb beynəlxalq əlaqələri idarə etməyə imkan verir.
Türkiyənin Xarici işlər naziri Hakan Fidanın Çinə üç günlük səfəri zamanı qaldırılan bir çox əsas strateji məsələlərdən ən mühümü iki ölkə arasında ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın artırılması idi. Tərəflər iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, danışıqlarda ticarətin həcminin artırılması, alış-veriş maneələrinin azaldılması və xüsusilə infrastruktur və texnologiya sektorlarında birgə investisiya imkanlarının araşdırılmasını müzakirə ediblər.
Son illər birgə investisiya layihələrində müşahidə olunan ləngiməni də dilə gətirən Türkiyə bu yavaşlamanı aradan qaldırmaq, layihələri sürətləndirmək və gecikmələrə səbəb olan maneələri müəyyənləşdirməyi təklif edib, həmçinin Çini daha çox Türkiyə məhsulu idxal etməyə və Türkiyədə investisiyalarını artırmağa dəvət edib, Çinlə ticarət balanssızlığını azaltmağı istədiklərini bildirib.
Türkiyə rəsmilərinin Çinə səfəri zamanı müzakirə olunan digər mühüm məsələ regional təhlükəsizlik idi. Mövcud qlobal gərginliyi və regional münaqişələri nəzərə alaraq təhlükəsizlik sahəsində əməkdaşlıq hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edir. Söhbət zamanı terrorizmlə mübarizə strategiyaları, regional təhlükəsizlik təhdidlərinin aradan qaldırılması və hərbi əməkdaşlığın təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Xüsusilə də İsrail-Qəzza-Fələstin və Rusiya-Ukrayna müharibələri görüşün əsas məqamları olub. Həm Türkiyə, həm də Çin Fələstin məsələsinin iki dövlətli həllini dəstəklədiklərini bəyan ediblər. Təbii ki, Türkiyənin İsrailə münasibəti Çinlə müqayisədə daha radikaldır.
Strateji faydaları olan “Bir kəmər, bir yol” təşəbbüsünü Çin ABŞ-la rəqabətdə qlobal geoiqtisadi təsir imkanlarını artırmaq üçün bir vasitə kimi görsə də, Türkiyə bu layihəni iqtisadi qazanc fürsəti və qlobal rəqabətdə geosiyasi mövqeyini yenidən tənzimləmək üçün bir yol kimi görür. Türkiyənin Avropa və Asiya arasında körpü rolunu oynayan strateji mövqeyi onu Çinin “Bir kəmər, bir yol” layihəsində əsas iştirakçıya çevirir. Bu baxımdan H.Fidan və Çin rəsmiləri “Bir kəmər, bir yol” təşəbbüsünə Türkiyənin daha da inteqrasiyası yollarından danışıblar.
Səfərin mühüm məsələlərindən biri Türkiyənin qlobal siyasətdə getdikcə mühüm rol oynayan BRİKS-ə üzv olmaq istəyi idi. Beynəlxalq sistem çoxqütblü dünyaya doğru keçid edərkən BRİKS Qərb ittifaqlarından kənarda balanslı münasibətlər axtaran ölkələr üçün alternativ dünyagörüşü təklif edir. Türkiyənin BRİKS-ə marağı onun ənənəvi xarici siyasətində əhəmiyyətli dəyişikliyi simvollaşdırır. Çinə səfəri zamanı Hakan Fidan bildirib ki, Türkiyə Avropa İttifaqı ilə gömrük birliyində qalmaqla BRİKS kimi platformalarda müxtəlif tərəfdaşlarla əməkdaşlıq üçün yeni imkanlar araşdırır. BRİKS-ə üzvlük Türkiyənin xarici siyasətinə potensial olaraq yeni ölçülər və müzakirələr gətirəcək.
Türkiyə Çinlə münasibətlərində praqmatik yanaşma nümayiş etdirsə də, uyğur məsələsində fikir ayrılıqları var. H.Fidan səfəri zamanı Çin hakimiyyətindən azlıq təşkil edən müsəlman uyğurların mədəni hüquqlarını qorumağı və onlara öz dəyərlərini yaşamağa və yaşatmağa icazə verməyi xahiş edib. Türkiyə Çinin Sincan Uyğur muxtar vilayətindəki vəziyyətə münasibət bildirərkən həm ölkənin daxili siyasi dinamikası, həm də Çinə qarşı balanslı yanaşmanın davam etdirilməsini nəzərə alaraq çox diqqətli dildən istifadə edib. Bu ehtiyat Hakan Fidanın “X” sosial media hesabında Çinin qərbindəki Sincan Uyğur bölgəsinə Urumçi və Kaşqara səfəri ilə bağlı emosional tvit paylaşmasında da görünür.
Türkiyənin Xarici işlər nazirinin Çinə 3 günlük səfərindən mühüm geosiyasi və xarici siyasət nəticələri gözlənilir. Çinlə əlaqələri Türkiyənin qlobal siyasətdə strateji balanslaşdırma aktını əks etdirir. NATO üzvü və Aİ üzvlüyünə namizəd ölkə kimi Türkiyənin Çinlə sıx əlaqələri onun çoxşaxəli xarici siyasət yanaşmasını ortaya qoyur. Çinlə iqtisadi əlaqələrin gücləndirilməsi Türkiyənin ticarət tərəfdaşlarını diversi fikasiya etmək, ənənəvi Qərb bazarlarından asılılığı azaltmaq və iqtisadi riskləri minimuma endirmək üçün böyük strateji addımdır. Bundan əlavə, Türkiyə Çinlə əlaqələrini dərinləşdirməklə Mərkəzi Asiya və Yaxın Şərqdə təsirini artırmaq potensialına malikdir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq Türkiyənin regional güc mərkəzi kimi rolunu gücləndirə bilər.