Məlum həqiqətdir ki, Fransa sürətlə Ermənistanı silahlandırır və bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır. Bu fonda Ermənistan Fransadan 36 ədəd “Caesar” özüyeriyən artilleriya sistemi alıb. Fransanın “Le Figaro” jurnalının direktor müavini, jurnalist Jan-Kristof Buisson qeyd edib ki, bu silahlar yaxın 15 ay ərzində onlara çatdırılmalıdır.
İrəvan və Parisin “Caesar” özüyeriyən haubitsalarının tədarükünə dair müqavilə imzalaması faktını daha əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu açıqlamışdı. Qeyd edək ki, bu xüsusda Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq. Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məsələyə münasibət bildirib: “Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasəti səmərəli hesab etmirik”. Onun sözlərinə görə, bu siyasət zərərli siyasətdir: "Bu, Cənubi Qafqazda sülh gündəliyinin irəli aparılmasına töhfə vermir. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin aparılmasına, xüsusilə də aprelin 19-da sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan nəticələrə, dekabrın 7-də iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə olunmasına, bütövlükdə Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində atılan ciddi addımların atıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Bu, eyni zamanda Ermənistanın daxilində olan revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir addımdır. Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa da BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli siyasət həyata keçirməlidir”. H.Hacıyev bildirib ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir: “Bu, Ermənistanın real siyasətinə əsaslanan bir təcrübədir. Azərbaycan xalqı və dövləti də bundan əziyyət çəkib. Ona görə də işğalçı-təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz". Xatırladaq ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür. Bununla Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir. Fransanın Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Beləliklə, Fransanın Ermənistana hücum xarakterli öldürücü silah təklif etməsi və bununla bağlı iki ölkə arasında növbəti sazişin imzalanması Parisin Cənubi Qafqazda sülhə başlıca təhlükə olaraq qalmaqda davam etməsinin təzahürüdür. Ermənistanla Azərbaycan arasında sülh gündəminin və delimitasiya prosesinin həyata keçirildiyi zamanda Fransanın bu addımı sabitliyə ciddi təhdiddir. Ümumiyyətlə, 44 günlük Qarabağ müharibəsində və sonrakı müddətdə Fransa Ermənistanı silahlandıraraq bölgədə qarşıdurmanı gücləndirir. Paris Bakı və İrəvan arasında gərginliyi qoruyub saxlamaq siyasəti yürüdür. Afrikada və dünyanın müxtəlif yerlərində müstəmləkəçilik siyasəti iflasa uğrayan Paris Cənubi Qafqazda münaqişə yaratmaqla fikirləri üzərindən yayındırmağa cəhd edir. Makron hakimiyyəti bu davranışları ilə Cənubi Qafqazda yeni eskalasiya riskini artırmaqla yanaşı, beynəlxalq səviyyədə təhlükəsizliyə xələl gətirir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələ ilə bağlı bildirir ki, Fransa Cənubi Qafqazda növbəti eskalasiya mərhələsini təhrik edir. Onun sözlərinə görə, “Caesar” haubitsalarının Ermənistana tədarükünə dair saziş bunu təsdiqləyir: “Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından yalnız öz fürsətçil məqsədlərinə çatmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır. Öz fürsətçi məqsədləri dedikdə təkcə Fransanın öz milli maraqlarını nəzərdə tutmuram, həm də NATO ideologiyasının vasitəçisi olan Fransanı nəzərdə tuturam”. Qeyd edək ki, Fransa silahların verilməsi ilə yanaşı, təlimlər adı ilə Ermənistan ordusunda kadr hazırlığını da həyata keçirməyə cəhdlər göstərir. Təəssüf doğuran hal ondan ibarətdir ki, Qərb qurumları Ermənistana əlavə silahların verilməsinə göz yumur. Fransanın mövcud müqavilələr əsasında Ermənistana verməkdə olduğu silahlar regionda sabitliyə mənfi təsir edir və sülh prosesini çətinləşdirir. Beləliklə, Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yenidən müharibəni alovlandırmaq məqsədi güdür. Rəsmi Paris bu yolla regiona yerləşməyə çalışır. Qafanda konsulluq açmaq niyyəti də buradan qaynaqlanır. Digər tərəfdən, Fransa hərbçilərinin təlim adı altında Ermənistana göndərilməsi barədə də razılaşma var. Bütün hallarda, Fransanın Cənubi Qafqaz regionu üçün təxribatçı planları qəbulolunmazdır. Bu hal Ermənistanın özü üçün ən böyük təhdid yaradır.
Nahid SALAYEV