“Bu təşəbbüslər davamlılıq, inklüzivlik və təhlükəsizliyə üstünlük verən müasir şəhərsalma prinsiplərini rəhbər tutur”.
APA xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının Zəngilanda keçirilən panel müzakirəsi zamanı bildirib.
“Mən işğaldan azad olunandan sonra salınan ilk qəsəbə haqqında bir neçə kəlmə demək istərdim. Bu, Ağalı kəndidir. Yəqin ki, Zəngilana doğru uçarkən təyyarədə gördünüz. O, dayanıqlı inkişaf məqsədləri əsasında tikilib və tikinti zamanı bu məqsədlər əsas götürülüb.
Bu gün isə Ağalıda 171 ailə - 870 nəfər rahat yaşayır. Bu gün COP29-dan danışırıq. Mən də burada, azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərini necə apardığımız barədə bir neçə kəlmə demək istərdim. Tikinti zamanı izolyasiya edilmiş materiallardan geniş istifadə edilib. Evlərin damları günəş panelləri ilə təchiz edilib. Bütün inzibati binalarda təmiz enerji əldə etmək üçün günəş panelləri quraşdırılıb. Kəndi enerji ilə təmin etmək üçün Həkəri çayında turbinlər tikilib” – o qeyd edib.