Astana, 21 iyun, AZƏRTAC
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması məsələsi təşkilata üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə edilməyib, çünki bununla bağlı müvafiq sorğu daxil olmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almatı şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT-nin XİN başçıları Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib.
Bundan əvvəl məlum olub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatı şəhərində keçirilən iclasda iştirak etməyəcək.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan isə iyunun 12-də verdiyi bəyanatında ölkəsinin KTMT-dən çıxa biləcəyini açıqlamışdı.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana