AZ

Güclü küləyin təsərrüfatlara vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciətlər daxil olmaqdadır


Son günlər respublikanın əksər rayonlarında müşahidə edilən güclü külək, qasırğa, fırtına, dolu və güclü yağışlar əkin sahələrinə və təsərrüfatlara zərər vurub. Bununla bağlı Aqrar Sığorta Fonduna müraciətlər artmaqdadır. 
Son bir həftə ərzində – iyunun 15-21 tarixlərində əkin sahələrinə dəymiş zərərlərlə bağlı Fonda 120-dən artıq müraciət daxil olub. 
Müraciətlər Şamaxı, Qobustan, Şəki, Oğuz, Beyləqan, Zaqatala, Hacıqabul, İsmayıllı, Kürdəmir, Ağsu, Füzuli, Yevlax, Ağcabədi, Xocavənd, Tərtər, Salyan, Balakən, Ağdam, Tovuz, Zərdab, Goranboy, Cəlilabad, İmişli, Ağstafa, Biləsuvar, Şəmkir, Qusar, Qax və digər rayonlardan daxil olub. 
Zərərlərin dəyməsi ilə bağlı Fonda müraciətlər dolu, intensiv yağışlar, güclü külək, qasırğa, fırtına, sel-subasma kimi hadisələri əhatə edir. 
Təbiət hadisələri və zərərlər fondun sığorta etdiyi əksər bitki növləri üzrə – buğda, arpa, qarğıdalı, pambıq, nektarin, şaftalı, alma, armud, ərik, üzüm, heyva və sair bitkilərə zərər vurub. 
Ümumilikdə 2024-cü ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlər üzrə 1200-ə yaxın müraciət daxil olub. Bunlardan 800 hadisə son 2 ayda qeydə alınıb. 
Aqrar Sığorta Fonduna müraciətlərin bir hissəsi sığortası olmayan əkin sahələri üzrə daxil olub. Belə müraciətlər üzrə ödənişlər edilmir. 
Sığortalı təsərrüfatlardan daxil olan müraciətlər üzrə hadisələrin araşdırılması üçün aqrar sığorta ekspertləri təyin edilib və ərazilərə ezam edilib. Bu proses davam etməkdədir. 
Hazırda Fondun onlarla aqrar sığorta eksperti bölgələrdə təsərrüfatlara dəyən zərərlərin hesablanması ilə məşğuldur. 
Aqrar Sığorta Fondu əkin sahələrinin təbiət hadisələləri və digər risklərdən qorunması üçün fermerləri təsərrüfatlarını sığorta etməyə, hadisə baş verdikdə isə 10 gün ərzində Fonda müraciət etməyə çağırır.
 
 

Seçilən
213
8
7news.az

10Mənbələr