“Türkiyə və Portuqaliya yığmaları ilk oyunda qələbə qazandıqlarından bu görüş çox maraqlı olacaq”.
Bunu İdman.bizə Azərbaycanın U-18 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.
O, bu gün AVRO-2024-də baş tutacaq 3 oyunu şərh edib. Abdullayevin sözlərinə görə, F qrupunda keçiriləcək Türkiyə - Portuqaliya qarşılaşması hər iki komanda üçün əhəmiyyətlidir: “Hər 2 yığmanın 3 xalı var. Qrupda top fərqinə görə, Türkiyə birinci, Portuqaliya ikinci yerdə qərarlaşıb. Bugünkü matçın nəticəsi hər şeyi həll edə bilər. Əlbəttə, Portuqaliyanı üstün sayıram. Güclü futbolçulardan ibarət ulduz komandadır. Türkiyə ilk turda Gürcüstanla matçda qələbə qazansa da, müdafiəsində böyük problemlər var. Gürcülər ən azı 4-5 qol epizodunu boşa verdilər. Yəni duelin favoriti Portuqaliyadır və oyunda dominantlığı tamamilə ələ alacaq. Türkiyə bu matçda uduzsa belə şansı qalacaq. Son turda Çexiyaya qalib gələ bilərlər”.
Onun sözlərinə görə, eyni qrupda oynanılacaq Gürcüstan - Çexiya matçında ikincilərin qələbə qazanacaqlarına inanır: “Gürcülərin ilk qarşılaşmada yaxşı şansları olsa da, qolları vura bilmədilər. Hər iki komandanın bu gün son şansıdır. Çünki hansısa qələbə qazana bilməsə, axırıncı tur çətin olacaq. Fikrimcə, nə olursa-olsun qrupdan çıxmaq istəyirlərsə, bu gün riskə getməlidirlər. Olduqca maraqlı matç olacaq. Çexiyanın müdafisəi çox güclüdür, gürcülər qol vurmaq üçün əziyyət çəkəcəklər. Məncə, çexlər bu oyunda uduzmayacaqlar, ən pis halda heç-heçə edəcəklər”.
O, E qrupunda baş tutacaq Belçika - Rumıniya matçını da dəyərləndirib: “Rumınlar birinci oyunda Ukraynanı darmadağın ediblər. Lakin buna baxmayaraq, Belçika Rumıniyadan çox üstündür. Fikrimcə, onlar Slovakiyaya uduzandan sonra bu rəqibi yaxşı analiz ediblər. Bu səbəbdən də rumınlara rahatlıqla qalib gələcəklərini düşünürəm”.
Qeyd edək ki, qarşılaşmalar bu gün saat 17:00-dan start götürəcək.
Banuçiçək Hüseynli
İdman.biz