A.Nəsirli bu zərərli yağın ölkəmizə gətirilməsi səbəblərini də açıqlayıb: "Rəqəmlərdə ölkəmizə gətirilən məhsulların palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir. Ümumiyyətlə, belə bir təsnifat aparılmır. Palma meyvəsinin toxumundan alınan yağ dünyada ən ucuz hesab olunur. Bahalı yağlar ölkəmizə külçə şəklində gətirilir və burada qablaşdırılır. Həmin yağlara ən az 20 faiz palma yağı qatılır. Beləliklə, bahalı və keyfiyyətli yağ kimi insanlara təqdim olunur. İşbazlar 10 dəfə daha çox qazanc əldə etmiş olurlar". Sənaye adı ilə gətirilib, mətbəximizə daxil olur İqtisadçı qeyd edib ki, işbazlar külli miqdarda qazanc əldə etdiyi üçün müxtəlif adlarla bu məhsulu ölkəmizə gətirməyi bacarırlar: "İdxal edərkən də təyinatını dəyişirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər, lakin ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır. Araşdırmaq lazımdır ki, bu yağ sənayedə hansı məqsədlərlə istifadə olunur ki, bu qədər idxal edilir. Doğrudan da ondan sabun, sürtgü materialları hazırlanır, texniki məsələlər üçün istifadə olunur? Bununla bağlı müşahidələr aparılmalıdır". Qidaların ömrünü uzadır Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu yağ ucuz olması ilə bərabər, məhsulların ömrünü də uzatdığı üçün idxalı artır: "Qida çeşidliliyi artdıqca qidaların daha ucuz xammaldan əldə olunması və rəf ömrünün uzadılmasına hesablanmış istehsalın artımı meydana gəlir. Palma yağının istifadəsi də bu səbəbdəndir. Palma yağından istifadə olunduqda həmin məhsulların xarab olma vaxtı gecikir, rəf ömrü daha da uzun olur. Həmçinin daha ucuz başa gəlir. Palma yağı sənaye üsulu ilə hazırlandıqda qidada istifadəyə yararlı deyil".
Bitki yağı yediyimizi zənn edib zəhərlənirik M.Hüseynovanın fikrincə, palma yağından bir çox məhsullarda istifadə edilsə də, tərkibləri gizlədilir: "Xüsusən də paketlənmiş qidaların əksəriyyətində, eyni zamanda restoran və iaşə obyektlərində qızartma yeməklərdə, bir çox şirniyyatlarda palma yağından istifadə olunur. Lakin bu, əksər hallarda göstərilmir. Bəzən bitki yağı adı altında yazılır, hətta bir neçə bitkinin adı qeyd edilir və konkret olaraq hansı mənşəli yağdan istifadə olunduğu bilinmir. Yaxud müxtəlif kodlarla qeyd olunur. Belə olan halda istehlakçılar da aldıqları məhsullar haqqında tam məlumatlı olmurlar. Bəzi ölkələrdə məhsulların tərkibində palma yağından istifadəyə icazə verilsə də, əksəriyyətində bu, qadağandır. Xüsusən də uşaq qidalarında bu qadağalar daha çox tətbiq edilir. Amma palma yağı təbii haldadırsa, tərkibində A və E vitaminləri, doymamış yağ turşuları varsa, ondan az miqdarda, gec-gec istifadə olunsa, o qədər də zərərli deyil". İnkişafda geriləmə, erkən yaşda xəstəliklər... Mütəxəssisin sözlərinə görə, yeniyetmə və gəncləri bu tip məhsullardan maksimum dərəcədə uzaq tutmalıyıq: "Araşdırmaların nəticələrində də görünür ki, gündəlik, davamlı olaraq palma yağından istifadə edən insanların sağlamlığında müəyyən təhlükələr yarana bilir. Xüsusilə də 20 yaşa qədər olan insan orqanizmində hər gün inkişaf getdiyinə görə, keyfiyyətsiz yağdan istifadə məsləhət deyil. İstifadə edildikdə bu, uşaq və yeniyetmələri inkişafdan geri salır, müəyyən xəstəliklərə erkən yaşda tutulmağa səbəb olur. Sağlamlığına diqqət edən insanlar bu tip məhsullardan istifadə etməməlidirlər. Palma yağından həddən artıq istifadə insan orqanizmində pis xolesterin kimi tanınan LDL səviyyəsini yüksəldir. Həmçinin yaxşı xolesterin kimi tanıdığımız HDL-i aşağı salır ki, bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. İmmun sistemi güclü olan insanlar bu tip qidalardan gec-gec istifadə etsələr, zərərini o qədər də hiss etməyə bilərlər. Amma daima paketlənmiş qidalar, mənşəyi kimyəvi qatqı maddələri, keyfiyyətsiz yağlar olan məhsullardan istifadə edən insanlarda inkişafdan geri qalma, xəstəliklərə tutulma özünü açıq aydın göstərir". BAKU.WS