AZ

İsa Qəmbər və Etibar Məmmədov növbədənkənar seçkilərə gedir? - AÇIQLAMA

Milli Məclisdə çoxluq təşkil edən YAP-çı deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Onların müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəflər tərəfindən dəstəklənib.

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

İndi ictimaiyyət Prezidentin məsələyə reaksiyasını gözləyir. Böyük ehtimalla növbədənkənar parlament seçkiləri sentyabr ayında baş tutacaq.

Maraqlıdır, müxalifdətə olan iki siyasi partiyanın lideri də seçkiyə gedəcəkmi, namizəd olmaq istəyəcəkmi? Söhbət Müsavat və Milli İstiqlal partiyalarının liderləri İsa Qəmbər və Etibar Məmmədovdan gedir.

Modern.az saytı hər iki təşkilatla əlaqə saxlayıb.


Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, seçki günü dəqiq elan edildikdən sonra partiya öz mövqeyini bildirəcək:
 

"Müsavat Partiyası və Azərbaycan xalqı növbədənkənar seçkilərə öyrəşib. Müsavat Partiyası öz proqramından irəli gələn hərəkətini ölkə qanunlarına uyğun həyata keçirməyə çalışır. Hələ ki növbədənkənar seçkilərin keçirilməsi barədə rəsmi qərar verilməyib. Bu, sadəcə olaraq tövsiyə olunub. Qərar veriləndən sonra Müsavat Partiyası öz mövqeyini açıq şəkildə müzakirə edib bildirəcək".

G.Aslanlı vurğulayıb ki, partiyanın başqanı İsa Qəmbərin namizəd olub-olmaması partiyadaxili müzakirələrdən sonra məlum olacaq:

"Müsavat Partiyası hər zaman seçkilərdə iştirak etmək arzusundadır. Çünki Müsavat Partiyasının nizamnaməsində hakimiyyətə yalnız seçkilər yolu ilə gəlmək xətti açıq şəkildə göstərilib. Seçkilərə meyilli partiyayıq. Amma seçki günü dəqiq elan edildikdən sonra bu haqda qərarı Müsavat Partiyasının Məclisi verir. Məclisin qərarını gözləyək. Əlbəttə ki, partiyamızın başqanı İsa Qəmbərin də namizəd olub-olmayacağı müzakirələrdən sonra məlum olacaq".
 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov  istənilən halda seçkilərdə iştirak edəcəklərini bildirib:

"Biz referendumun olmasını gözləyirdik. Müəyyən dəyişikliklərin keçirilməsi çox vacib idi. Xüsusilə də proporsional seçki sisteminin bərpa olunmasına tərəfdarıq. Təəssüf ki, nə bu, nə də digər məsələlərdə dəyişiklik oldu. Budəfəki parlament seçkiləri əvvəlkilərdən fərqlənəcək. Seçkilərdən sonra parlamentin keyfiyyət göstəricisi yüksələcək. Partiya olaraq seçkilərə hər zaman hazırıq. Seçkilərin vaxtını təyin etmək Prezidentin müstəsna səlahiyyətidir. Prezident seçkilərin tarixini elan etsə, bir qədər də artıq güclə prosesə qatılacağıq. İstənilən halda seçkilərdə iştirak edəcəyik".
 

Ə.Orucov neçə namizədlə iştirak edəcəklərindən də danışıb:

"Məsələ sayda deyil. İstəsək, bütün dairələr üzrə namizəd irəli sürə bilərik. Amma  bizim taktikamız ondan ibarətdir ki, daha şanslı namizədlərlə seçkilərdə iştirak edək və gücümüzü parçalamadan onların qalib gəlməsinə yönəldək".

AMİP Siyasi Şurasının üzvü deyib ki, onlar partiyanın lideri Etibar Məmmədovun böyük siyasətə qayıtmasını istəyirlər:

"Etibar Məmmədovun seçkilərdə iştirak edib-etməməsi onun şəxsi qərarından asılıdır. Etibar Məmmədovun böyük siyasətə qayıdışı bizim və Azərbaycan xalqının böyük bir hissəsinin istəyidir. Amma elə məsələlər var ki bunu partiya həll etmir. Məsələ Etibar bəyin öz qərarına bağlıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
13
modern.az

10Mənbələr