AZ

Elman Nəsirov: "Erməni xalqı müharibədən yorulub, dövlətinin hansı gücə malik olduğunu bilir"

“Azərbaycan inkişaf baxımından artıq çoxdandır ki, regional səviyyəni ötüb və təkcə Avropada deyil, bütün dünyada sülhün, təhlükəsizliyin təminatına böyük töhfələr verən dövlətdir. Xüsusilə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu danılmaz həqiqətdir. Azərbaycan hazırda Avropa üçün yeni alternativ enerji mənbəyidir. Siyasi liderlər də məhz bu cür qəbul edirlər. Bu reallıqda Ermənistan tərəfi də fərqindədir ki, artıq beynəlxalq birliyin subyekti deyil. Onun aktoruna çevrilmiş Azərbaycan ilə yalnız sülh şəraitində yaşamaq Ermənistanın da rifahının əsası ola bilər. Ermənistan Baş naziri əslində xeyli müddətdir, referendumdan bəhs edirdi. Referendumda Konstitusiyaya əlavə düzəlişlər deyil, bütövlükdə Konstitusiyanın dəyişilməsindən danışırdı. Son zamanlar revanşizm dalğasının güclənməsi və Paşinyanın istefasını tələb edən qüvvələr qarşında bir qədər geri çəkilməsi, siyasi manevr etməsi də diqqətdən yayınmır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

“Azərbaycan Prezidenti cənab İlham Əliyev vurğuladı ki, Ermənistanla sülh müqaviləsi o halda ola bilər ki, Ermənistan Konstitusiyasına dəyişiklik baş versin, Azərbaycana qarşı konstitusion əsasda referendum yolu ilə xalqın siyasi iradəsini ortaya qoymaqla ərazi iddialarından geri çəkilsin, Konstitusiyasında Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları birdəfəlik aradan qaldırılsın. Bu halda sülhdən söhbət gedə, sülh müqaviləsi imzalana bilər. Artıq hiss olunur ki, Paşinyanın son davranışları bu reallığı qəbul etmək məcburiyyətindədir. Çünki başqa yolu yoxdur. Bununla yanaşı, o, birmənalı fikir söyləməkdən də yayınır. Hər kəsə bəllidir ki, Paşinyan gec-tez buna gedəcək. Nə qədər tez gedərsə, bir o qədər də sülh müqaviləsi yaxınlaşar. Sülh müqaviləsinin imzalanması isə Ermənistanın nicatı deməkdir. Proses əslində bu gün getməkdədir. Çox inanmaq istəyərdik ki, nəhayət, Ermənistan siyasi rəhbərliyi üzərinə məsuliyyət götürüb, bu addımı atsın. Ermənistan Konstitusiyasın dəyişikliklərin əleyhdarları da olacaq, amma bütövlükdə erməni xalqı müharibə istəmir. Bu, Paşinyanın son bəyanatında yer almış əsas tezisdir. Biz də buna inanırıq ki, erməni xalqı müharibə istəmir. Çünki istəsəydi, Paşinyan biabırçı məğlubiyyətə uğradıqdan sonra 2021-ci ilin iyun parlament seçkilərində qalib gəlməzdi. Bu, Paşinyana olan sevgi ilə bağlı deyil. Sadəcə, erməni xalqı müharibədən yorulub, dövlətinin hansı gücə malik olduğunu bilir. Ordusunun hansı gündə olduğunun fərqindədir. 12 minə qədər fərrarisinin olduğunu da gözəl anlayır. Belə halda, Azərbaycanla müharibə yolunu seçmək siyasi ağılsızlıq, dəlilik olar. Düşünürəm, bütün bu reallıqlar fonunda Paşinyanın referenduma getməsi, tezliklə bunu reallaşdırması daha məntiqli görünür”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 24 İyun 2024, 11:44   
Seçilən
201
pravda.az

1Mənbələr