AZ

Nazir müavini: Beynəlxalq Valyuta Fondu Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edib

Bakı, 24 iyun, AZƏRTAC

Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi yaşıl iqtisadiyyata transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “5-ci yerli şirkətlərin tanıtım sərgisi”ndə bildirib.

O qeyd edib ki, cari il həmçinin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib ki, bu, çox əlamətdardır.

“Bu həm ölkənin beynəlxalq aləmdə imicinin artırılması, həm də sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və biznes proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Yeni texnologiyaların tətbiqi biznes xərclərinin azalmasına, rəqabət qabiliyyətinin artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan yaradır. Hazırda təşkil olunan sərgi də müvafiq sahədə mütərəqqi təcrübələri nümayiş etdirmək və bizneslərin şəbəkələşməsi ilə onlar arasında təcrübə mübadiləsini təşviq etmək üçün mühüm platformadır. Sərginin yarada biləcəyi digər bir müsbət məqam ölkə iqtisadiyyatına əlavə investisiyaların yatırılması imkanıdır. Bu gün məhsullarını nümayiş etdirən şirkətlər alıcılar ilə yanaşı potensial investorlar da cəlb edə bilərlər”, - deyə nazir müavini vurğulayıb.

S. Məmmədov bildirib ki, Azərbaycan kifayət qədər əlverişli investisiya mühitinə malikdir və bu, nüfuzlu beynəlxalq hesabatlarda, reytinqlərdə də özünü göstərir: “Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycan cari il üçün dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edilib. Mövcud rəqəmlər də ölkə iqtisadiyyatına investisiya qoyuluşunda artım dinamikasının davam etdiyini göstərir”.

Qeyd edək ki, 3 gün davam edəcək və bu il 5-ci dəfə keçirilən sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil, digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
azertag.az

3Mənbələr