Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb. Test imtahanlarında 23 448 müəllim iştirak edib. Ən azı 30 bal toplayan müəllimlər sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə buraxılıblar.
Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən Modern.az-a bildirilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq.
Qeyd edilib ki, bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
Xatırladaq ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində hər bir müəllimə 20 dəqiqə vaxt ayrılır. 40 baldan ən azı 20 bal toplamış müəllimlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Müsahibə mərhələsi aşağıdakı 5 meyar əsasında maksimum 40 balla qiymətləndirilir:
- proqram üzrə mövzunu təqdimetmə bacarığı;
- təhsilalanları qiymətləndirmə bacarığı;
- özünü təqdimetmə bacarığı;
- pedaqoji prosesi təşkiletmə bacarığı;
- ünsiyyət bacarığı.
Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.
Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:
- proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 misli;
- təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 misli;
- ünsiyyət bacarığı üzrə toplanılan balların 1 misli.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.
Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.
Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə və təhsil müəssisələrinə göndərir.
Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə nəzərdə tutulmuş formaya uyğun sertifikat verilir.
Qaydalara görə, sertifikatlaşdırmanın test və müsahibə mərhələsindən keçə bilməyən müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
Təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
A.Qorxmaz