AZ

XXI əsrin döyüş təcrübəsi

Azərbaycan 44 günlük Vətən müharibəsində döyüş meydanında, informasiya cəbhəsində üstünlüyünü bir daha işğalçı Ermənistana və ona 30 illik iğal dövrüdə dəstək olub danışıqların imitasiya naminə aparılmasına səbəb olan dövlətlərə nümayiş etdirdi. Təbii ki, uğurlarımız keçilən yolun təqdimatıdır. Hər bir bayram tədbirinin bir hesabat olduğunu da düşünsək, Azərbaycan Silahlı Qüvvələr Günündə hər birimizə Zəfər sevincini yaşadan ordumuzun şücaətindən, qəhrəmanlığından, dünya hərb tarixinə yazdığı səhifədən böyük qürur hissi ilə bəhs edəcəyik. Bu uğur özlüyündə 106 yaşını qeyd etməyə hazırlaşan Azərbaycan Ordusuna diqqət və qayğının bütün dövrlərdə prioritet olduğuna işıq salır.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Qəhrəman Azərbaycan əsgəri, Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda irəli!” çağırışı xalqımızın bir amal uğrunda birliyinin, həmrəyliyinin möhkəmləndirilməsinə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə, torpaq, Vətən sevgilərinin artmasında, ən əsası hər an torpaqlarımızı işğaldan azad etmək üçün “Hücum!” əmrinə hazır olmalarına stimul oldu. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim prioritet məsələlər sırasındadır.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci ildə imzaladığı Fərmana əsasən Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı.
Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən ordu quruculuğu sahəsinə xüsusi diqqət göstərərək “Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsi qədər olmalıdır” tezisini irəli sürdü və bu istiqamətdə mühüm addımlar atıldı. Dövlət büdcəmizdən ayırmalarda müdafiə qabiliyyətimizin gücləndirilməsi birinci yerdə dayanır. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezident İlham Əliyevin bütün sahələrin inkişafı, o cümlədən ordu quruculuğu ilə əlaqədar vədinə sadiq olduğunu təsdiq edir. Belə ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəldi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı və hazırda bu işlər uğurla davam etdirilir. Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da görülən işlərin və dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatların nəticəsidir. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Əldə olunan Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” Azərbaycan xalqının və ordumuzun gücü ilə yanaşı, birliyimizin təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin son illər səsləndirdiyi bəyanatlar sırasında “Dəmir yumruq yerindədir” xüsusi yer tutur. Bu, işğalçı Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələrə ünvanlanan mesajdır. Azərbaycan Ordusu 44 gündə Errmənistan silahlı qüvvələrini diz şökdürdü, torpaqlarımızdan qovdu. Şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsi kimi tarixə yazıldı. 44 günlük Vətən müharibəsinin hər bir günü zəfər günü idi. Dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, müharibələr tarixində təkrarolunmaz hərbi taktika və strategiyası ilə diqqət çəkən Azərbaycan Ordusu bu gün təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə nümunə göstərilir. Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi, ən müasir silahlarla təmin olunmuş Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində göstərdiyi rəşadət XXI əsrin döyüş təcrübəsidir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda böyük əminliklə səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” fikirləri reallığa çevrildi. 2020-ci il 10 dekabr tarixində qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı, dövlət başçısı İlham Əliyevlə çiyin-çiyinə dayandığı Zəfər paradında işğaldan azad edilmiş ərazilərimizdə qaldırılan üçrəngli bayrağımız Azadlıq meydanına gətirilməklə yanaşı, Ermənistan ordusunun məhv edilmiş, eyni zamanda, qənimət kimi götürülmüş hərbi texnikası nümayiş olundu. Azərbaycanın Zəfəri, Ordunmuzun gücü, qüdrəti bir daha dünyaya təqdim olundu. Bu gün Xətai rayonu ərazisində açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkının ziyarətçiləri Zəfərimizin reallıqları ilə yaxından tanış olur, Azərbaycan Ordusunun qəhrəmanlığı, şücaəti ilə qürur duyurlar. Böyük Qələbəmiz haqqın, ədalətin təntənəsi kimi dünyaya səs saldı, qalib Azərbaycanın postmünaqişə dövrünün reallıqları fonunda hədəflərini açıqladı.
Ötən il suverenliyimizin tam bərpa edilməsi ilə yeni dövr başladı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: “Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.”

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri

Seçilən
187
sesqazeti.az

1Mənbələr